Accessibility links

Əliyev Xameneyiyə məktubda Azərbaycan-İran münasibətlərinin inkişafına inamını ifadə edib


Prezident ilham Əliyev (Mənbə: Prezident Administrasiyası)
Prezident ilham Əliyev (Mənbə: Prezident Administrasiyası)

Azərbaycan prezidenti İlham Əliyev İranın milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə İran Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə təbrik məktubu ünvanlayıb.

"İnanıram ki, qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun inkişaf edərək bölgədə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək", təbrik məktubunda deyilir.

“Azərbaycan ilə İran arasında münasibətlər əsrlərdən bəri dostluq və mehriban qonşuluq şəraitində yaşamış, ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən güc alır. Biz bu təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin inkişafına və əməkdaşlığımızın genişlənməsinə xüsusi önəm veririk”, məktubda qeyd deyilir.

Təbrik məktubunda deyilir ki, hazırda ikitərəfli gündəlikdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər yer almaqdadır.

“Hesab edirəm ki, mövcud imkanlardan yararlanaraq ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə nail ola bilərik", məktubda qeyd edilir.

Azərbaycan prezidenti İranın prezidenti Məsud Pezeşkiana eyni məzmunda təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd edilir ki, Azərbaycan ilə İran arasında dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verilir.

“Ölkələrimiz arasında münasibətlər sıx tellərlə bir-birinə bağlı olan xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərindən qaynaqlanır”, məktubda deyilir.

Qeyd edilib ki, hazırda ölkələri iqtisadi-ticari, nəqliyyat, energetika və digər sahələrdə səmərəli əməkdaşlıq edir.

“Qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsi üçün əlverişli imkanlar mövcuddur”, Prezident Əliyev qeyd edir.

Fevralın 10-da İranın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - İslam İnqilabının 46-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Rəsmi qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan və İran arasında münasibətlər

Yanvarın son həftəsində Azərbaycanda və İranda hər iki ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri Xarici İşlər Nazirliklərinə çağırılıb.

Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə yanvarın 24-də İranın Xarici İşlər Nazirliyində nazir köməkçisi və Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçili ilə görüşüb.

İRNA Agentliyi bildirib ki, Dəmirçili iki ölkənin yüksək vəzifəli şəxslərinin qarşılıqlı maraqlara əsaslanan münasibətləri inkişaf etdirmək səylərinə toxunaraq, Azərbaycanda bəzi dairələrin və ya şəxsiyyətlərin mənfi hərəkətlərini (o cümlədən, Azərbaycanda təhsil alan bir sıra iranlı tələbələrə qarşı son zamanlar qeyri-etik hərəkəti) iki xalq arasında münasibətlərə xələl gətirən addımlar kimi qiymətləndirib, ölkəsinin bu davranışlara etirazını bildirib, bu cür neqativ halların təşəbbüskarları və səbəbkarlarına qarşı tədbir görülməsini tələb edib.

İRNA bildirib ki, xarici işlər nazirinin köməkçisi həmçinin iki ölkə xalqı arasında din xadimlərinin və din alimlərinin hörmətini və yüksək məqamını vurğulayaraq, hər hansı hörmətsizlik və təfriqə yaradan hərəkətlərə qarşı sayıqlıq və qətiyyətli addımların atılmasının vacibliyini vurğulayıb.

Yanvarın 25-də isə İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Azərbaycan XİN-nin məlumatına görə, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı “açıq-aşkar şəkildə aparılan kampaniyaya” etiraz bildirilib. Azərbaycanın İrandakı səfirinin XİN-ə çağırılaraq əsassız şəkildə etiraz bildirilməsinin və İran mətbuatında kampaniyanın genişləndirilməsinin anlaşılmazlıq yaratdığı qeyd olunub.

Bundan əvvəl, yanvarın 22-də Tehranda “Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” 16-cı iclası keçirilib.

Komissiyanın iclası zamanı Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran prezidenti Məsud Pezeşkian da daxil olmaqla yüksək səviyyələrdə qəbul edilib. Tərəflər strateji tərəfdaşlıq məsələlərinə toxunub, müştərək layihələrin, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin vacib komponenti olan Rəşt-Astara dəmir yolunun, keçid məntəqələrindən yükdaşımaların həcminin artırılmasının vacibliyini vurğulayıb.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə deyib ki, Azərbaycan İranla münasibətlərdə gərginlik istəmir.

Onun sözlərinə görə, Azərbaycan İranın hazırkı prezidenti ilə normal əməkdaşlıqda maraqlıdır.

“Mümkündür ki, Hikmət Hacıyevin Tehrandakı mümkün danışıqları zamanı iki ölkənin prezidentlərinin görüşününü təşkili barədə də fikir mübadiləsi aparılıb”, Elxan Şahinoğlu deyib.

Onun fikrincə, bütün bunlara baxmayaraq İranın mühafizəkar və dini dairələri növbəti anti-Azərbaycana qarşı təxribatları ilə müəyyən müsbət nəticələrin üstündən xətt çəkə bilərlər.

Azərbaycan Prezidenti ötən ilin dekabr ayında İranın ali dini liderinin Azərbaycanla sərhəd Ərdəbil şəhərindəki nümayəndəsinin Azərbaycanın, Türkiyənin, həmçinin Azərbaycan Prezidentinin əleyhinə səsləndirdiyi fikirləri qəbuledilməz hesab etdiyini bildirib.

“Ərdəbil şəhərinin mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir", Əliyev bildirib.

Azərbaycan Prezidentinin bu bəyanatından sonra İranın dövlət və dövlətə yaxın olan mediasında Azərbaycan Prezidentinin tənqidinə yönəlmiş məqalələr dərc edilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Rusiya rəsmiləri Ukrayna ilə bağlı atəşkəs təklifini müzakirə edəcək
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:25 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Prezident Trampın Konqresin birgə iclasında məruzəsi. Ukraynada müharibəyə son qoymaq üçün diplomatik səylər.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:30:36 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG