Accessibility links

Həyat yoldaşı həbsdə olan jurnalistin səhhətindən narahatdır


Şahnaz Bəylərqızı (Mənbə: Sosial şəbəkə)
Şahnaz Bəylərqızı (Mənbə: Sosial şəbəkə)

Fevralın 8-də jurnalist Şahnaz Bəylərqızının həyat yoldaşı onunla istintaq təcridxansında görüşüb. Görüş şüşə arxasından baş tutub.

Bu barədə jurnalistin həyat yoldaşı İsmayıl Eyyubov Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, Şahnaz Bəylərqızının səhhəti yaxşı deyil.

“Səhhətinə görə çox narahatam. Şəkəri və təzyiqi enib-qalxır. Tibb məntəqəsində lazimi qayğı göstərilir. Amma səhhəti yaxşı deyil. Onun səhhətinin yaxşılaşması üçün çox çalışıram”, həyat yoldaşı bildirib.

Bundan öncə, fevralın 7-də vəkil istintaq təcridxansında jurnalist Şahnaz Bəylərqızı ilə görüşüb.

Vəkilin Amerikanın Səsinin verdiyi məlumata görə, Bəylərqızı səhhətində yaranan ciddi problemlərə görə tibbi müşahidəyə götürülüb.

Onun sözlərinə görə, jurnalist tibbi müayinədən keçib və şəkərli diabetlə bağlı şəkər səviyyəsini ölçmək üçün qan nümunələri götürülüb.

Saxlanma şəraitindən şikayəti yoxdur.

Vəkil jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti veriləcəyini bildirib.

Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Vəkil Bəxtiyar Hacıyevin Amerikanın Səsinə verdiyi məlumata görə, hazırkı iş “Toplum TV işi” üzrə cinayət işindən yanvarın 21-də ayrı icraata götürülüb.

“Şahnaz Bəylərqızına qarşı həmin icraatda nəzərdə tutulan Cinayət Məcəlləsinin 162-1.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb”.

Jurnalist ittihamları qəbul etmir.

"Məni niyə tutuduqları hələ də mənə aydın deyil", Bəylərqızı məhkəmədə qeyd edib.

Vəkil bildirib ki, məhkəmə Şahnaz Bəylərqızı barəsində ev dustaqlığı ilə bağlı vəsatətini təmin etməyib.

Fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı “Toplum TV işi"ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb.

Yaxınları bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsində saxlanılan Şahnaz Bəylərqızının vəziyyəti pisləşib, onun üçün təcili tibbi yardım çağırılıb.

Fevralın 5-də günorta saatlarında müstəntiqin iştirakıyla Şahnaz Bəylərqızının evində axtarış aparılıb, telefonlar, kompüter götürülüb. Jurnalistin özü isə Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildirilib ki, Şahnaz Hüseynova istintaq zərurəti ilə əlaqədar saxlanılıb, araşdırma aparılır.

Şahnaz Bəylərqızı "Toplum TV"nin "Toplumda 10-dan sonra" verilişinin aparıcısı olub. “Toplum TV"yə açılan cinayət işindən sonra isə verilişin yayımı dayandırılıb.

"Toplum TV işi" üzrə nə baş verib?

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.

Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin "Toplum TV"nin ofisinin qapısı möhürlənib.

"Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri, 2025-ci ilin yanvarın 17-dən həbs qətimkan tədbiri), Müşfiq Cabbara, Elmir Abbasova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

2024-cü ilin martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.

Yanvarın 17-də "Toplum TV işi üzrə" ittiham olunan şəxslərin ittihamı ağırlaşdırılıb. Bu barədə həmin iş üzrə təqsirləndirilən şəxslərin vəkilləri məlumat verib.

Məlumata görə, onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə), 206.4-ci (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Rusiya rəsmiləri Ukrayna ilə bağlı atəşkəs təklifini müzakirə edəcək
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:25 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG