Accessibility links

 
Ukraynanın Azərbaycandakı səfiri: Azərbaycan Ukrayna üçün ticarət və energetika sahəsində etibarlı tərəfdaşdır

Ukraynanın Azərbaycandakı səfiri: Azərbaycan Ukrayna üçün ticarət və energetika sahəsində etibarlı tərəfdaşdır


Yuriy Husyev-Ukraynanın Azərbaycandakı Səfiri ( Foto : Ukrayna səfirliyi)
Yuriy Husyev-Ukraynanın Azərbaycandakı Səfiri ( Foto : Ukrayna səfirliyi)

"2025-ci il fevralın 6-da Ukrayna ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümünü qeyd edirik. Bu mühüm tarix ölkələrimiz arasında dostluğu, qarşılıqlı dəstəyi və strateji tərəfdaşlığı simvollaşdırır. Biz üç onillik ərzində siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əlaqələri möhkəmləndirmişik, gələcək əməkdaşlıq üçün möhkəm təməllər qoymuşuq".

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyevin Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünə həsr olunmuş məqaləsində deyilir.

Səfir məqaləsində qeyd edir ki, Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin dərin tarixi kökləri var:

“Hələ 1918-ci ildə Ukrayna dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında rəsmi diplomatik əlaqələr qurulmuşdu ki, bu da müasir tərəfdaşlığın əsasını təşkil edirdi. Bu tarixi irs xalqlarımız arasında uzunmüddətli dostluq əlaqələrinin mühüm sübutudur”.

Ukrayna və Azərbaycanın müstəqilliyinin ilk günlərindən xalqlarımız həmişə bir-birini dəstəkləyiblər, eyni zamanda, ölkələrimiz ardıcıl olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, beynəlxalq hüququn əsas prinsiplərini müdafiə edir”, səfir Yuri Husyev bildirib.

Səfir məqaləsində Azərbaycanın Ukrayna üçün ticarət və energetika sahəsində etibarlı tərəfdaş olduğunu xatırladıb.

“Dövlətlərimiz arasında mal və xidmətlərin dövriyyəsi 2022-ci ildə xeyli azalmadan sonra bərpa olunur və tədricən artır, nəqliyyat dəhlizinin inkişafı kimi strateji infrastruktur layihələri isə biznes və regional əməkdaşlıq üçün yeni imkanlar açır”, o qeyd edib.

Bundan əlavə humanitar əlaqələrin də eyni dərəcədə vacib olduğunu bildirib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən, 5 fevral 2025-ci il tarixində Ukraynanın enerji sistemi üçün enerji avadanlıqlarına növbəti yardımın ayrılması haqqında sərəncam imzalayıb. Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun ilk günlərindən Azərbaycan ərazilərin minalardan təmizlənməsinə dəstək verir, humanitar yardım göstərir. Biz səmimi qəlbdən minnətdarıq, bunu çox yüksək qiymətləndiririk və heç vaxt unutmayacağıq”, Yuri Husyev əlavə edib.

Azərbaycan-Ukrayna əlaqələri

Azərbaycan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən başlayaraq Ukraynaya humanitar yardımlarını davam etdirir.

Bu ölkənin Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımların ümumi məbləği 33 milyon ABŞ dollarından çoxdur. Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.

Ukraynanın İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.

Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli sərəncamı ilə Ukraynaya humanitar yardım kimi elektrik avadanlıqları alınması üçün 7,6 milyon ABŞ dolları ayırıb. Elektrik avadanlıqlarından ibarət humanitar yardımlar Ukraynaya çatdırılıb.

Forum

XS
SM
MD
LG