Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 4 (3 qadın, 1 kişi cinsli olmaqla) nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki tibb müəssisələrində davam etdirilir.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat verib.
Məlumata görə,1 nəfərin (qadın cinsli) müalicəsi Yeni Klinikada, 2 nəfərin (1 kişi, 1 qadın cinsli olmaqla) fizioterapevtik müalicəsi Tibbi Reabilitasiya Mərkəzində, 1 nəfərin (qadın cinsli) müalicəsi isə şəxsi istəyilə Baləkən Rayon Mərkəzi Xəstəxanasında aparılır.
Yeni Klinikanın Reanimasiya şöbəsinə qəbul olunaraq, üzərində cərrahi əməliyyat icra olunan şəxs hazırda həmin tibb müəssisəsində stasionar müalicə alır, vəziyyəti orta-ağır olaraq dəyərləndirilir.
Tibbi Reabilitasiya Mərkəzində müalicə alan şəxslərin hər birinin vəziyyəti qənaətbəxş hesab edilir. Müalicələri tibb müəssisəsinin Terapiya şöbəsində davam etdirilir.
Baləkən Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicə alan şəxsin vəziyyəti isə orta-ağır, stabil olaraq qiymətləndirlir.
Ümumilikdə, Yeni Klinikaya hospitalizasiya olunan və zəruri tibbi xidmətlərlə təmin olunan 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb.
Ambulator müalicə üçün evə yazılanların sağlamlıq durumları yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.
Xatırladaq ki, dekabrın 25-də Aktau yaxınlığında Bakı-Qroznı reysini həyata keçirən AZAL-ın sərnişin təyyarəsi məcburi eniş edərkən qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla, 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırma Mərkəzinin (Cenipa) mütəxəssisləri qəzaya uğramış AZAL Hava Yollarına məxsus Embraer 190 təyyarəsinin qara qutularını təhlil ediblər. Təyyarənin uçuş reqistratorlarının (qara qutularının) şifrəsinin açılması 2025-ci il yanvarın 7-də başa çatıb. Təyyarənin şifrəsi açılmış uçuş qeydləri yanvarın 15-də Braziliyadan Qazaxıstana gətirilib.
ICAO Konvensiyasına uyğun olaraq qəzanın təhqiqatına Qazaxıstan rəhbərlik edir. İşdə Azərbaycan, Rusiya mütəxəssisləri, beynəlxalq ekspertlər və Embraer şirkətinin nümayəndələri iştirak edib.
Azərbaycan mediası həmçinin Euronews və Reuters Rusiya hava hücumundan müdafiə sistemindən atılan raketin fəlakətə səbəb olması barədə materiallar dərc edib.
Forum