Tehran vilayətində Baharistan şəhəri prokurorluğunun istintaq idarəsi Şərqi Azərbaycan vilayətində yaşayan türk dil hüquqları fəalı Əlirza Fərşinin “nizama qarşı təbliğat” ittihamından təqsirkar olduğuna dair qərar çıxarıb.
Əlirza Fərşinin surətini öz Instagram hesabında paylaşdığı sənədə əsasən, Baharistan Ümumi və İnqilab Prokurorluğunun müstəntiqi Əli Sirac “dosyeni ittiham aktının hazırlanması üçün prokurora göndərib.”
Müstəntiq Fərşini “İslam Respublikasının müqəddəs nizamına qarşı təbliğat fəaliyyəti” göstərmək ittihamından təqsirli bilib. İstintaq şöbəsinin çıxardığı qərarda Əlirza Fərşinin hazırda zəmanət qarşılığında müvəqqəti azadlıqda olduğu qeyd edilib.
Sənəddə “Baharistan şəhərinin kəşfiyyat şöbəsinin hesabatı” və “Fərşinin sosial şəbəkələrdə paylaşdığı görüntülərə” istinadən siyasi fəalın təqisrkar olduğuna qərar verildiyi açıqlanıb.
Əlirza Fərşi çərşənbə günü öz Instagram səhifəsində yazıb ki, “mən bir ildir etiraz edirəm ki, Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərində yaşayıram və İran Cəza Qanununun maddələrinə əsasən mənə qarşı bir ittihamlar olsa belə, sizin bu ittihamlara mənim heç əlaqəmin olmadığı bir şəhər və vilayətin məhkəmələrində baxmağa haqqınız yoxdur. Mənim keçən təqribən 5 il ərzində heç zaman öz seçimimlə Baharistan şəhərinə get-gəlim olmayıb. Ancaq bütün bunlara baxmayaraq, sakin olduğum şəhərdən 700 km-dən artıq uzaq bir yerdə mənə qarşı ittiham aktı çıxarmaq istəyirlər”.
Əlirza Fərşi göstərdiyi fəaliyyətlər səbəbilə daha əvvəl uzun müddət həbsdə saxlanılıb və universitet müəllimi vəzifəsindən uzaqlaşdırılıb. O, Dünya Ana Dili Günü tədbirlərinə qatılmaq və türkcə kitab paylamaq kimi fəaliyyətlər səbəbilə mühakimə olunub. Fərşinin rəhbərlik etdiyi “Kəndimiz Vəqfi” keçən illərdə yürütdüyü “Hər kənd üçün bir türkcə kitab evi” kampaniyası çərçivəsində İran Azərbaycanının müxtəlif bölgələrində kəndlərdə türkcə kitablar hədiyyə edilirdi. Həmin vəqfin fəaliyyətləri daha sonra ona qarşı çıxarılan məhkəmə hökmündə dəlil hesab edilib.
Forum