Fevralın 5-də Səbail Rayon Məhkəməsində "Kanal 13" İnternet Televiziyasının rəhbəri Əziz Orucovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Vəkil Bəhruz Bayramovun məlumatına görə, məhkəmədə Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşı ifadə verib.
“O nədə ziyan dəydiyini deyə bilmədi. Biz sual verdik ki, Əziz Orucovun ev tikdiyi ərazidə torpaqlar zəbt olunmuş sayılır, siz ziyanla bağlı neçə dəfə müraciət etmisiniz, çünki eyni qaydada başqaları da orada ev tikib. Şahid bu barədə suallara cavab verə bilmədi. Qonşulardan iki nəfər çıxış elədi və bildirdilər ki, onlar yola görə ərizə yazıblar, Əzizin tikdiyi evlə bağlı şikayət etməyiblər. Dedilər ki, əksinə, Orucov yolu genişləndirib, şərait yaradıb”, deyə, Bayramov qeyd edib.
Vəkilin sözlərinə görə, müdafiə tərəfi əlavə 6 şahidin dinlənilməsinə ehtiyac duymayıb. Şahidlərin hamısı istintaqa verdiyi ifadədə yolla bağlı şikayət etdiklərini deyiblər.
Növbəti məhkəmə prosesi fevralın 26-a təyin olunub.
Əziz Orucov 27 noyabr 2023-cü ildə özbaşına tikinti ittihamı ilə saxlanılıb. Sonradan ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsilə ittiham verilib. Lakin ibtidai istintaqın nəticələrinə əsasən qaçaqmalçılıq ittihamı ləğv edilib.
İş məhkəməyə Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi üzrə verilib.
Əziz Orucov ittihamları rədd edir və jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyir.
Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.
Forum