Azərbaycan Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının yanvarın 28-də yaydığı bəyanatda “qonşu dövlətin ərazisindən anti-Azərbaycan kampaniyası aparıldığını” bildirilir.
Bəynatda qeyd edilir ki, “komissiyanın apardığı monitorinqlər zamanı əsasən qonşu dövlətin ərazisindən sosial media platformaları üzərindən aparılan dezinformasiya və informasiya əməliyyatlarının məqsədi və xüsusiyyətləri tədqiq edilmiş, anti-Azərbaycan kampaniyada sistemli və mütəşəkkil qaydada iştirak edən şəbəkə müəyyən olunmuşdur”.
“Anti-Azərbaycan kampaniyasına 300-dən çox hesab cəlb edilmişdir ki, onların da 124-ü “Facebook”-da, 67-si “Instagram”-da, 67-si “Telegram”-da, 32-si “YouTube”-da, 10-u “X”-də və digər sosial media platformalarında fəaliyyət göstərirlər. Araşdırmalar zamanı vətəndaşlarımız arasında nifaq salmağa, qütbləşmə yaratmağa, dövlətin konstitusion quruluşunun dəyişdirilməsinə və dövlət institutlarına qarşı inamsızlıq formalaşdırmağa yönəlmiş zərərli və radikal dini-ideoloji təbliğatın əlaqələndirilmiş şəkildə aparıldığı aşkarlanmışdır”, Azərbaycan Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bəyanatında qeyd edilir.
Komissiya xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı vətəndaşları yalan və saxta məlumatlara inanmamağa çağırır.
Bəyanatda deyilir ki, monitorinqin nəticələri ilə bağlı hesabat müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumlarına təqdim ediləcək.
Bununla yanaşı, bəyanatda anti-Azərbaycan kampaniyasının hansı dövlətin ərazisindən aparıldığı qeyd edilmir. Həmçinin sosial şəbəkələrdə hansı hesablardan Azərbaycan əleyhinə kampaniya aparıldığı barədə də detaallı məlumat verilmir.
Bir sıra müstəqil müşahidəçilər bu ad altında bir çox tənqidi statuslu hesabların bağlanmasını da istisna etmir.
Azərbaycan Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasına 9 deputat daxildir. Komissiyaya deputat Ramid Namazov sədrlik edir.
Forum