Dörd ildən artıqdır Urmiyənin mərkəzi həbsxanasında saxlanılan siyasi fəal Hamid Qaraoğlaninin təqribən iki həftə öncə aclıq aksiyasına başladığı bildirilir.
İranlı hüquqşünasların idarə etdiyi Dadban qrupu və AHRAZ kimi hüquq müdafiə qurumlarının yaydığı məlumata görə, Qaraoğlani “şərti azadlıq tələbi ilə müraciətinin rədd edilməsinin ardınca” yanvarın 13-də aclığa başlayıb. “”
“13 illik həbsə məhkum olmuş siyasi fəal Hamid Qaraoğlani həbs cəzasından 4 il 7 aylıq müddətini çəkdikdən sonra şərti əfv üçün müraciət etmişdi. O, müraciətinin məhkəmə qurumu tərəfindən rədd edilməsinə etiraz olaraq aclığa başlayıb. Fəalın fiziki vəziyyəti aclıq səbəbindən pisləşib. Bundan əlavə həbsxana məsullarının təzyiqinə də məruz qalıb,” deyə, Dadban qrupu bildirib.
Dadban qrupunun X səhifəsində paylaşılan bir videoda Qaraoğlaninin anası oğlunun həbsxana xaricində tibbi yardım almağa ehtiyacı olduğunu söyləyir. Fəalın anası övladının sağlamlıq vəziyyəti ilə bağlı məhkəmə qurumlarına müraciətlərindən nəticə almadığını qeyd edib.
Hamid Qaraoğlani 2020-ci ilin iyun ayında İranın Kəşfiyyat Nazirliyinin qüvvələri tərəfindən nəzarət altına alınıb və nazirliyin iddiaları əsasında silahlı Xalqın Mücahidləri (MEK) qruplaşmasına üzv olmaqda ittiham edilib.
Prokurorluq siyasi fəala qarşı “müharibə ” ittihami irəli sürüb və onun haqqında edam cəzası istəyib. Ancaq o, məhkəmə tərəfindən 13 il həbsə məhkum edilib.
Forum