Accessibility links

İranda Qəzvin şəhərinin cümə imamı istefa verib


Ayətullah Əbdülkərim Abidini, Qəzvinin keçmiş cümə imamı
Ayətullah Əbdülkərim Abidini, Qəzvinin keçmiş cümə imamı

İranda Qəzvin şəhərinin cümə imamı və İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyinin bu şəhərdəki nümayəndəsi, Ayətullah Əbdülkərim Abidini yaydığı bəyanatda vəzifəsindən istefa verdiyini bildirib.

İRNA xəbər agentliyinin məlumatına görə, Ayətullah Əbdülkərim Abidini 10 il ərzində Əli Xameneyinin Qəzvin şəhərindəki nümayəndəsi olub və 28 yanvarda yaydığı bəyanatında istefa verdiyini açıqlayıb.

O, İran mediasında yayılan bəyanatında Qəzvin vilayətinin xalqı ilə vidalaşıb və missiyasının sona çatdığını qeyd edib. Lakin istefasının dəqiq səbəbi barədə heç bir məlumat verməyib.

Bundan əvvəl, Ayətullah Abidini 10 yanvar tarixindəki cümə namazı xütbələrində Ərdəbil cümə imamı Həsən Amilini dəstəkləyən və Azərbaycan Respublikasının hökumət nümayəndələrinə qarşı bəzi ifadələr səsləndirmişdi.

Azərbaycanın Xarici İşlər Nazirliyi İranın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanı yanvarın 25-də Nazirliyə çağıraraq etirazını bildirmişdi. Nazirlik Amilini dəstəkləyən kampaniya aparılması, Qəzvin cümə imamı daxil olmaqla, bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsinin qəbuledilməz olduğunu bildirmişdi.

Ayətullah Əbdülkərim Abidinin Qəzvin vilayətinin əsasən tat dilində danışılan Çala kəndində anadan olduğu bildirilir. İranın ali dini lideri Ayətullah Əli Xameneyi onu 2 mart 2015-ci ildə Qəzvinin cümə imamı təyin etmişdi.

Qəzvin vilayəti Zəncan və Tehran vilayətləri arasında yerləşir və dil baxımından böyük müxtəlifliyə malikdir. Bununla belə, vilayət əhalisinin əhəmiyyətli bir hissəsinin türk dilində danışdığı bildirilir. Azərbaycan türkcəsi vilayətin şəhər və kənd ərazilərində, xüsusilə Takistan, Buyinzəhra və Abyek kimi bölgələrdə istifadə olunur.

Forum

XS
SM
MD
LG