Accessibility links

Ərdəbildə azərbaycanlı valideynlər övladlarına "Manas" adını hüquqi mübarizə yolu ilə qeydiyyata aldıra bilib


İran şəxsiyyət vəsiqəsi
İran şəxsiyyət vəsiqəsi

İranın Ərdəbil vilayətində azərbaycanlı ailə 70 günlük hüquqi mübarizədən sonra övladlarına "Manas" adı ilə şəxsiyyət vəsiqəsi almağa müvəffəq olub. Bu nəticə ailənin Germi Vətəndaşlıq Qeydiyyatı İdarəsinə qarşı qaldırdığı məhkəmə iddiasından sonra mümkün olub.

"Balamın Adı" kampaniyasının İnstagram səhifəsi məhkəmə qərarını və "Manas" adına verilmiş şəxsiyyət vəsiqəsinin şəklini paylaşaraq, azərbaycanlı ailənin iki aydan çox davam edən hüquqi mübarizəsinin uğurla nəticələndiyini bildirib.

Manas Ərdəbil vilayətinin Germi şəhərində keçən ilin 9 noyabrında dünyaya gəlib. Uşağın atası Hüccət Dana 2024-cü ilin noyabr ayında Germi şəhərinin Qeydiyyat İdarəsinə müraciət etsə də, idarənin işçiləri adı qeydiyyata almaqdan imtina ediblər. Bundan sonra ailə Germi Ümumi və Hüquqi Məhkəməsinə müraciət edərək, seçdikləri adla şəxsiyyət vəsiqəsi almaq üçün hüquqi mübarizəyə başlayıb.

Məhkəmə Mülki Prosessual Məcəllənin 198-ci maddəsinə istinad edərək, Vətəndaşlıq Qeydiyyatı İdarəsinə "Manas" adı ilə şəxsiyyət vəsiqəsinin verilməsinə dair qərar çıxarıb. Bununla da idarə məhkəmə qərarına uyğun olaraq şəxsiyyət vəsiqəsi təqdim etməyə məcbur olub.

Hazırda İran Qeydiyyat Təşkilatı təsdiqlənmiş adlar siyahısından kənarda olan adların qeydiyyatına qarşı ciddi müqavimət göstərir. Hətta daha əvvəl qeydə alınmış adlarla bağlı da şəxsiyyət vəsiqəsi verməkdən imtina olunur. Bu səbəbdən valideynlər əvvəlcə məhkəmə qərarı ilə qəbul edilmiş adları yenidən qeydə aldırmaq üçün hüquqi mübarizəyə başlamağa məcbur olurlar.

Tənqidçilər İran hökumətinin valideynlərin övladlarına ad seçimi üzərində məhdudiyyətlər tətbiq etməsini vətəndaşların mülki azadlıqlarını məhdudlaşdıran bir siyasət kimi qiymətləndirirlər.

Bu siyasətin əsasən ideoloji motivlərə əsaslandığı barədə tənqidlər irəli sürülür. Qeydiyyat Təşkilatının rəhbəri Haşim Kargər bir müddət əvvəl açıqlamasında qurumun "iranlı və islami" adların istifadəsini genişləndirmək və bu çərçivədən kənar adları "saflaşdırmaq" niyyətində olduğunu ifadə edib. O bu kateqoriyaya daxil olmayan adların qoyulmasının qarşısı alınacağını açıqlayıb.

Forum

XS
SM
MD
LG