Accessibility links

"Meydan TV"nin jurnalisti Aytac Tapdıq ev dustaqlığına buraxılmayıb


Aytac Tapdıq (Əhmədova)
Aytac Tapdıq (Əhmədova)

Yanvarın 23-də Xətai Rayon Məhkəməsi hakim Rafael Sadıxovun sədrliy ilə "Meydan TV"nin həbs edilən jurnalisti Aytac Tapdığın ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib.

Bu barədə onun vəkili Cavad Cavadov Amerikanın Səsinə bildirib.

Müdafiə tərəfi hesab edir ki, jurnalistin həbsdə qalması üçün heç bir hüquqi əsas yoxdur.

Vəkilin sözlərinə görə, Aytac Tapdığa qarşı irəli sürülmüş valyuta qaçaqmalçılığı ittihamı ilə bağlı da heç bir ilkin dəlil-sübut ortaya qoyulmayıb.

Vəkil qeyd edib ki, məhkəmə prosesində jurnalistin özü də iştirak edib.

“Bir daha heç bir cinayət törətmədiyini, jurnalistika fəaliyyətinə görə həbs olunduğunu bildirdi”, vəkil qeyd edib.

Müstəntiq Aytac Tapdığın həbsdən buraxılmasına etiraz edib, bunu istintaqın davam etməsi, azadlığa çıxacağı halda, prosesin gedişinə mane olmaq ehtimalı ilə əsaslandırıb.

Məhkəmə də jurnalisti həbsdən buraxmaqdan imtina edib.

Vəkil Cavad Cavadov bu qərardan apellyasiya şikayəti verəcək.

Yanvarın 17-də "Meydan TV"nin həbs edilən jurnalistləri Aynur Elgünəş və Natiq Cavadlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin edilməyib.

Ondan bir neçə gün əvvəl isə "Meydan TV"nin digər əməkdaşı Xəyalə Ağayevanın ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edilməyib.

Jurnalistlərin vəkilləri məhkəmənin qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti verəcəklərini bildiriblər.

2023-cü il dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.

“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.

“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib.

Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.

2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabına dəfələrlə kiberhücum olunub, materialları silinib.

2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefonlarını dinləyib.

Forum

XS
SM
MD
LG