Türkiyənin qərb hissəsində xizək kurortunda 76 nəfərin ölümünə, onlarla insanın xəsarət almasına səbəb olan yanğınla bağlı otelin sahibi də daxil olmaqla doqquz nəfər həbs edilib. Bu barədə çərşənbə günü səhər Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Yerlikaya həmçinin bildirib ki, 45 nəfərin cəsədi ailələrinə təhvil verilib, digər cəsədlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb institutunda DNT testləri aparılır.
Yanğın Bolu dağlarında yerləşən Kartalkaya xizək kurortundakı “Grand Kartal Hotel”-də baş verib.
Yanğının baş verdiyi otel çərşənbə günü bəyanat yayaraq dərin kədərini ifadə edib və istintaqla tam əməkdaşlıq edəcəyini bildirib.
“Bütün bu hadisənin məqamlarına aydınlıq gətirmək üçün hakimiyyət orqanları ilə əməkdaşlıq edirik,” deyə bəyanatda bildirilir. “İtirilən həyatlara görə dərin kədər hissi keçirir və bu ağrını bütün qəlbimizlə paylaşdığımızı bildirmək istəyirik.”
12 mərtəbəli oteldə 238 qeydiyyatdan keçmiş qonağın olduğu bir zaman yanğın yerli vaxtla saat 03:30-da restoran mərtəbəsində başlayıb və daha sonra digər mərtəbələrə yayılıb. Sağ qalanlar tüstü ilə dolmuş dəhlizlərdə qaçdıqlarını və xilas olmaq üçün pəncərələrdən tullanmaq məcburiyyətində qalan insanları təsvir ediblər.
Hakimiyyət orqanları otelin təhlükəsizlik tədbirləri ilə bağlı artan tənqidlərlə üzləşir. Belə ki, sağ qalanlar hadisə zamanı yanğın siqnallarının işə düşmədiyini bildiriblər. Qonaqlar tüstü ilə dolmuş dəhlizlərdə tam qaranlıqda istiqamət tapmağa çalışdıqlarını qeyd ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan qış turizm mövsümünün ən yüksək vaxtında, İstanbul və Ankaradan bir çox ailənin xizək sürmək üçün Bolu dağlarına səyahət etdiyi vaxt bu faciəvi hadisə ilə əlaqədar çərşənbə gününü milli matəm günü elan edib.
Forum