ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə müharibənin dayandırılmasına dair razılıq əldə olunmayacağı təqdirdə Rusiyanı yeni sanksiyalar və ticarət tarifləri ilə hədələyib. Bu barədə o, özünün Truth Social sosial şəbəkəsində yazıb.
"Tezliklə bir 'sövdələşmə' etməsək, Rusiyanın ABŞ və digər iştirakçı ölkələrə satdığı hər şeyə yüksək vergilər, tariflər və sanksiyalar tətbiq etməkdən başqa yolum qalmayacaq. Gəlin, bu müharibəni bitirək. Əgər mən prezident olsaydımb u heç vaxt olmazdı” - deyə, o bildirib.
Tramp Rusiyaya zərər vermək istəmədiyini və prezident Vladimir Putinlə həmişə çox yaxşı münasibətdə olduğunu qeyd edib.
"Biz heç vaxt unutmamalıyıq ki, Rusiya İkinci Dünya Müharibəsində təxminən 60 milyon insanın həyatı bahasına qalib gəlməkdə bizə kömək edib. Bunu nəzərə alaraq, iqtisadiyyatı çökməkdə olan Rusiyaya və prezident Putinə çox böyük bir yaxşılıq edəcəm", ABŞ Prezident yazıb.
Tramp daha əvvəl Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib. Çərşənbə axşamı jurnalistlərə danışarkən perspektiv barədə suala Tramp "Ehtimal olunur" cavabını verib.
Tramp administrasiyasının Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar apardığını və Rusiya Prezidenti Vladimir Putinlə “çox yaxında” danışacağını bildirib. O, ABŞ-ın Aİ-dən 200 milyard dollar daha çox töhfə verdiyi barədə yanlış ifadə edib və Avropa İttifaqının Ukraynaya yardım üçün “ödədiklərindən çox pul ödəməlidir” deyib.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayandan bəri ABŞ Ukraynaya təxminən 175 milyard dollar yardım ayırıb. Avropa İttifaqı bildirir ki, blok və ona üzv olan ölkələr təxminən 145 milyard dollar yardım hazırlayıb.
Tramp deyib ki, Avropa daha çox ödəməlidir, çünki onun yaxınlığı müharibənin Aİ-yə ABŞ-dan daha çox təsir göstərməsi deməkdir.
“Demək istəyirəm ki, biz nəyik, axmaq? Güman edirəm ki, cavab bəlidir, çünki onlar belə düşünməlidirlər”, Tramp bildirib.
O, əvvəllər NATO müttəfiqlərinin müdafiəyə kifayət qədər vəsait ayırmamasından şikayətlənib və müdafiə büdcəsi hədəflərini artırmağa çağırıb.
Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas çərşənbə axşamı Aİ Müdafiə Agentliyinin konfransındakı çıxışı zamanı deyib ki, ümumi müdafiə xərcləri baxımından Tramp “kifayət qədər xərcləmədiyimizi söyləməkdə haqlıdır” və Aİ-nin daha çox sərmayə qoyması lazımdır.
O, Aİ-ni Ukraynaya “daha çox, daha sürətli və daha güclü” dəstək verməyə çağırıb və bildirib ki, ukraynalılar “özlərinin və bizim azadlıqlarımız üçün mübarizə aparırlar. Şübhə yoxdur ki, biz Ukraynaya daha çox kömək edə bilərik. Bizim köməyimizlə onlar da müharibədə qalib gələ bilərlər”, Kallas deyib.
Bu arada,Ukrayna rəsmiləri çərşənbə günü ölkənin hava hücumundan müdafiə qüvvələrinin gecə ərzində onlarla pilotsuz uçuş aparatı vurduğunu bildirib. Mıkolaiv qubernatoru Vitaliy Kimin dağıntıların bir yaşayış binasına ziyan vurduğunu və iki nəfərin yaralandığını deyib.
Xmelnitski və Sumı vilayətlərinin rəsmiləri də öz ərazilərində pilotsuz təyyarələrin vurulduğunu bildiriblər.
Rusiya Müdafiə Nazirliyi Rostov vilayətində Ukraynaya məxsus 6 pilotsuz təyyarəni məhv etdiyini, eyni zamanda Kursk və Voronej üzərində 1 pilotsuz təyyarəni vurduğunu bildirib.
Rostov qubernatoru Yuri Slyusar bildirib ki, dron parçaları bir evin həyətinə düşüb, lakin xəsarət alan olmayıb.
Zelenski çərşənbə axşamı deyib ki, Rusiya ilə atəşkəs razılaşması əldə olunsa, Şərqi Avropa ölkəsini Rusiyanın mümkün hücumundan qorumaq üçün “ən azı 200 min avropalı sülhməramlı” Ukrayna torpaqlarında olmalıdır.
Zelenski bildirib ki, Avropa “özünün qayğısına qalmalıdır”. O, Avropa ölkələrindən 200 min sülhməramlının lazım olan minimum say olduğunu bildirib.
Zelenski deyib ki, Ukraynanın atəşkəs razılaşması zamanı ən yaxşı müdafiəsi onun NATO-ya üzvlüyü olacaq.
Alyans üzvləri Ukraynanın üzvlük üçün “dönməz” yolda olduğunu bildiriblər, lakin ABŞ, Almaniya və digərləri müharibə davam edərkən daha geniş münaqişəyə səbəb olacağından qorxaraq Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxırlar.
Forum