Accessibility links

İctimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmə baxışı təyin edilib


Nicat İbrahim
Nicat İbrahim

Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı fevralın 3-nə təyin edilib.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, Nicat İbrahim məhkəmə zalına əlləri qandallı gətirilib.

Məhkəmə iclası zamanı onun olduğu şüşə qəfəsdə ətrafında məhkəmə nəzarətçiləri durub.

“Bundan öncəki məhkəmə iclası zamanı Nicatın intihara cəhd etməsi görünür ki, məhkəmə nəzarətçilərini daha məsuliyyətli olmağa məcbur edib”, o qeyd edib.

Vəkil Nicat İbrahim barədə həbs qətimlkan tədbirinin ev dustaqlığı imklan tədbiri ilə əvəz edilməsi barədə vəkilin vəsatətini hakim təmin etməyib.

Xatırladaq ki, yanvarın 13-də Nicat İbrahim “qanunsuz həbsinə və məhkəmənin gedişinə etiraz olaraq" məhkəmə zalında saxlanıldığı şüşə qəfəsə başı ilə zərbələr endirərək intihara cəhd edib.

2024-cü il sentyabrın 6-da Nicat İbrahimi Bakı Beynəlxalq Hava Limanının sərhəd keçid məntəqəsindən buraxmayıblar. Ona bildiriblər ki, Daxili İşlər Nazirliyi ölkədən xaricə çıxışına qadağa qoyub. Onun həyat yoldaşı və iki uşağı sərhəd keçid məntəqəsini keçərək Kişinyova gedib.

Bundan sonra Nicat İbrahim Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə zəng edərək bildirib ki, məhkəmənin onun ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi barədə qərarı var.

"Əgər onun ölkədən çıxışına qoyulmuş qadağa götürülməsə, Daxili İşlər Nazirliyinin binası qarşısında özünü yandıracaq. Bundan sonra o, sentyabrın 9-da yanacaqdoldurma məntəqəsində olanda bir nəfər onu vurub. Nicat yıxılıb. Dərhal polislər onun gözünü bağlayaraq saxlayıblar", vəkil Zibeydə Sadıqova bildirib.

Sentyabrın 9-da Nicat İbrahim Nəsimi Rayon Polis İdarəsində ittihamı qəbul etmədiyi üçün fiziki zorakılığa məruz qalıb.

"O, etiraz olaraq polis idarəsində stolun üzərində olan kağız kəsmək üçün istifadə edilən alətlə boğazını kəsməklə intihara cəhd edib. Halı pisləşdiyindən həkimə aparıblar. Boğazının kəsilmiş nahiyəsinə 17 tikiş qoyublar. Bundan sonra Bakı şəhər Nəsimi Rayon Məhkəməsi Nicat İbrahim barədə həbs qətimkan tədbiri seçib və onu Kürdəxanı həbsxanasına (1 saylı Bakı İstintaq Təcridxanası-red) aparıblar", Nicat İbrahimin həyat yoldaşı Pərvin İbrahim Amerikanın Səsinə deyib.

Pərvin İbrahimin sözlərinə görə, həyat yoldaşı təcridxanada da özünə qəsd etməklə intihara cəhd edib.

Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Nicat İbrahimin tələbləri Penitensiar Xidmətə aid deyil.

"Onun özünə xəsarət yetirməsi məsələsinə gəlincə, bu barədə aidiyyatı üzrə məlumat göndərilib və araşdırılır", Penitensiar Xidmətin cavabında deyilir.

İctimai fəal barəsində əvvəlcə Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Dekabrın 12-də ittiham ağırlaşdırılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma- ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 221.3 (Xuliqanlıq-əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yeni itthamlar verilib.

İttiham sübut olunsa, onu 6 ildən 11 ilədək həbs gözləyir.

Bundan öncə, Nicat İbrahim 2021-ci il martın 5-də Bakının Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 1 il 3 ay azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə - koronavirus olduğu halda, küçəyə çıxıb başqalarının həyatına təhlükə yaratmaqda təqsirli bilinib.

Nicat İbrahim 2020-ci il iyulun 20-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə gedərkən saxlanılıb.

Məhkəmədə son sözündə İbrahim günahsız olduğunu, heç vaxt koronavirusa yoluxmadığını, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını deyib.

Nicat İbrahim ictimai fəaldır. O, sosial şəbəkələrdə çoxsaylı tənqidi statusları ilə hökuməti tənqid edib.

İbrahim bir neçə il əvvəl ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirib.

Azərbaycanda son illər bir neçə fəal kiməsə bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunsa da, onlar bu ittihamı qəbul etmirlər. Fəallar məhkəmədə bildiriblər ki, həmin şəxslər əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.

Bu cür ittihamla həbs olunanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Hümbətov, Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş və Almaniyadan readmissiya olunandan sonra həbs olunmuş Samir Aşurov, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov, hökumətin siyasətini tənqidləri ilə tanınan keçmiş diplomat Emin İbrahimov da var. Dekabrın 3-də isə hüquq müdafiəçisi Rüfət Səfərov buna oxşar hadisə ilə həbs edilib.

Forum

XS
SM
MD
LG