Accessibility links

Mərkəzi Bank 2025-ci ilin büdcəsində neft və qazın proqnozlaşdırılan qiymətini açıqlayıb


Azərbaycan Mərkəzi Bankı (AMB) neft və qazın 2025-ci il üzrə orta qiymətini açıqlayıb

Bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, Mərkəzi Bank neftin orta qiymətini 2025-ci il üzrə 77,3 dollar proqnozlaşdırıb.

O əlavə edib ki, AMB təbii qazın orta qiymətini bu il üzrə 349 dollar proqnozlaşdırıb.

Qeyd edək ki, AMB bundan əvvəl 2025-ci il üzrə təbii qazın qiymətini 340 dollar proqnozlaşdırmışdı.

Bununla belə o qeyd edib ki, bu il Azərbaycan iqtisadiyyatında 3,3 faiz artım proqnozlaşdırılır.

Mərkəzi Bankın sədrinin sözlərinə görə, qeyri-neft sektoru üzrə iqtisadi artım proqnozu bu il üzrə 5,2 faiz müəyyən edilib.

Daha sonra Taleh Kazımov Azərbaycanda ötən il ilin inflyasiyanın 4,9% təşkil edildiyini bildirib.

"Ötən il illik inflaysiya 4,9% təşkil edib, ərzaq inflyasiyası 5,5%, qeyri-ərzaq inflyasiyası 2,4%, xidmət inflyasiyası isə 6,3% təşkil etmişdir", sədr bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.

Daha sonra o, Mərkəzi Bankın valyuta ehtiyatları məsələsinə toxunub.

Onun sözlərinə görə, 2024-cü ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard dollar təşkil edib.

Kazımov bildirib ki, cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisit (5,5 milyard dollar) 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir.

Gələn il büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb.

Hazırda dünya birjalarında neftin bir bareli təqribən 80-83 dollardır.

Müstəqil təhlilçilər rəsmi qiymətləndirmələri real saymır. Onların fikrincə, ölkədə real inflyasiya, xüsusilə ərzaq inflyasiyası daha çoxdur.

İqtisadi məsələlər üzrə təhlilçi Rəşad Həsənov Amerikanın Səsinə deyib ki, diqqət ediləsi əsas məqamlardan biri neftin qiyməti ilə bağlı ortaya qoyulan mövqedir.

Onun sözlərinə görə, əvvəlki illərdə hökümət daha konservativ istiqamətdə siyasət ortaya qoyurdu.

"2025-ci ildə büdcədə neftin bir barrelinin qiymətinin 70 dollar nəzərdə tutulması təxminən bu istiqamətdə hazırda mövcud olan proqnozlarla uzlaşan göstərici olsa da, Trampın seçkilərdə qalib olmasından sonrakı konyukturda ehtimallar ondan ibarətdir ki, neftin qiyməti daha da ucuzlaşa bilər. Tramp höküməti bu istiqamətdə siyasəti intensivləşdirəcəkdir. Belə bir halda risk ehtimalı bu istiqamətdə artır və Azərbaycan höküməti 2025-ci ildə bu risklə üz-üzə getməkdədir", ekspert qeyd edib.

İqtisadçının fikrincə, istehlak səbətinə daxil olan bütün alt qruplar üzrə qiymət artımı ikirəqəmli qalmaqda davam edib.

“Birincisi qeyri-müəyyən konyukturdan qaynaqlanan psixoloji amillər hansı ki, özünü inflyasiya gözləntilərində büruzə verir. İnflyasiya gözləntisinin yüksək olması bütün tərəflərin davranışlarında yüksək qiymət artımlarına uyğunlaşma cəhdləri ilə müşahidə edilir. Bu isə öz növbəsində qiymətlərin artımına təkan verir. Digər məqam, idxaldan asılılıqdır", o qeyd edib.

Forum

XS
SM
MD
LG