Accessibility links

Trampın immiqrasiya ilə bağlı sərəncamları sərhəd təhlükəsizliyi, sığınacaq məhdudiyyətləri və deportasiyaları əhatə edir


Prezident Donald Tramp ikinci müddətinin ilk günündə immiqrasiya və sərhəd təhlükəsizliyi ilə bağlı bir sıra icraedici tədbirlər elan edib. O, “sağlam düşüncəli immiqrasiya siyasəti” adlı sərəncamlar imzalayıb.

Bunlara ABŞ-ın cənub sərhədində milli fövqəladə vəziyyətin elan edilməsi, silahlı qüvvələrin yerləşdirilməsi, sərhəd divarının tikintisi, sığınacaq verilməsinə son qoyulması və ABŞ-da doğulan bəzi uşaqlara doğum hüququ ilə vətəndaşlığın dayandırılması və digərləri daxildir.

Tramp andiçmə mərasimindəki çıxışı zamanı deyib: “Bizim xarici sərhədlərin müdafiəsinə qeyri-məhdud maliyyə ayıran, lakin Amerika sərhədlərini və daha da önəmlisi öz xalqını müdafiə etməkdən imtina edən bir hökumətimiz var”.

Tramp administrasiyanın rəsmiləri ABŞ-Meksika sərhədində "milli və ictimai təhlükəsizlik böhranı" kimi təsvir etdiklərii vəziyyətlə mübarizə planlarını açıqlayıb.

Tramp bildirib ki, o, mövcud hüquq-mühafizə orqanlarının əməkdaşlarına kömək etmək üçün ABŞ-Meksika sərhədinə ordu, o cümlədən Milli Qvardiya qüvvələrini yerləşdirəcək.

Rəsmilər vurğulayıb ki, sərhəd təhlükəsizliyi milli təhlükəsizlikdir və administrasiya hərbi qüvvələrdən istifadə etməklə sərhədin təhlükəsizliyini təmin etməyə sadiqdir.

Başqa bir tədbir ölkə daxilində sənədsiz immiqrantlara yönəlib. Respublikaçı prezident kampaniyası zamanı dəfələrlə ən azı 11 milyon sənədsiz şəxsi hədəf alaraq kütləvi deportasiyalar həyata keçirəcəyini vəd edib.

Rəsmilər bildiriblər ki, administrasiya immiqrasiya məmurlarını mövcud qanunların icrası üçün lazımi “səlahiyyətlər”lə təmin edəcək.

Seçki kampaniyasında Tramp prezident Co Baydenin cinayət keçmişi olan və milli təhlükəsizliyə təhdid hesab edilən şəxsləri hədəf alan deportasiya prioritetlərini aradan qaldıracağını və bunun əvəzinə bütün sənədsiz immiqrantları əhatə edəcək şəkildə tətbiqi genişləndirəcəyini vəd edib.

Yeni administrasiya həmçinin miqrantların immiqrasiya məhkəməsi dinləmələrini gözləyərkən ABŞ-a buraxılması praktikasına son qoyulduğunu elan edib.

Tramp həmçinin qaçqınların yerləşdirilməsi proqramına son qoyur. İlk rəhbərliyi dövründə o, 2021-ci maliyyə ili üçün qaçqınların illik qəbul limitini 15 000 tarixi minimuma endirmişdi.

Forum

XS
SM
MD
LG