Accessibility links

HƏMAS Qəzzada girovların növbəti qrupunun şənbə günü azad ediləcəyini bildrir


Qəzzanın cənubundakı Rəfah şəhərinin xarabalıq məhəlləsində fələstinlilər bir gün əvvəl İsrail və fələstinli HƏMAS qruplaşması arasında əldə edilmiş atəşkəs razılaşmasından sonra geri qayıdaraq, dağıntılar altından əşyalarını çıxarırlar, 20 yanvar 2025-ci il.
Qəzzanın cənubundakı Rəfah şəhərinin xarabalıq məhəlləsində fələstinlilər bir gün əvvəl İsrail və fələstinli HƏMAS qruplaşması arasında əldə edilmiş atəşkəs razılaşmasından sonra geri qayıdaraq, dağıntılar altından əşyalarını çıxarırlar, 20 yanvar 2025-ci il.

HƏMAS İsraillə atəşkəsin üçüncü günə qədəm qoyduğu və BMT-nin humanitar agentliklərinin fələstinli mülki şəxslərə yardım etmək üçün Qəzzaya yardımlar göndərdiyi vaxt şənbə günü girovların növbəti qrupunun azad ediləcəyini bildirib.

HƏMAS rəsmisi çərşənbə axşamı Fransa xəbər agentliyinə bildirib ki, növbəti girovlar qrupu İsrail tərəfindən saxlanılan bir sıra fələstinli məhbusların müqabilində azadlığa buraxılacaq dörd israilli qadından ibarət olacaq.

Atəşkəs çərşənbə axşamı qüvvədə olsa və ikinci mərhələnin başlamasına beş həftədən çox vaxt qalsa da, İsrail və HƏMAS arasında növbəti mərhələnin şərtlərinin nə qədər tez və uğurla müzakirə ediləcəyi ilə bağlı suallar hələ də qalır.

Komandasının rəsmiləri və keçmiş prezident Co Bayden administrasiyasının hakimiyyət dəyişikliyi ərəfəsində atəşkəs üçün təzyiq göstərməsindən sonra bazar ertəsi vəzifəyə başlayan ABŞ prezidenti Donald Tramp atəşkəslə bağlı bəzi şübhələrini dilə gətirib.

“Əmin deyiləm. Bu, bizim müharibəmiz deyil. Bu, onların müharibəsidir”, Tramp bazar ertəsi jurnalistlərə bildirib.

Tramp bildirib ki, onun administrasiyası Qəzzada yenidənqurma səylərinə “yardım edə bilər” və ərazini “böyük bir dağıntı sahəsi” ilə müqayisə edib.

On beş ay davam edən müharibə Qəzza zolağını viran qoyub və təhlükəsizlik axtarışında qaçan fələstinlilərin atəşkəsin başlaması ilə geri dönməyə ümid etdikləri evlərin çoxu məhv edilib.

Atəşkəs çərçivəsində indiyə qədər Qəzzada saxlanılan üç girov, həmçinin İsrail tərəfindən saxlanılan 90 fələstinli məhbusun geri qaytarılması təmin edilib.

Fələstinlilər Rəfahda Kerem Şalom keçidi ilə Misirdən Qəzza zolağına gələn humanitar yardım yük maşınlarını izləyirlər, 21 yanvar 2025-ci il.
Fələstinlilər Rəfahda Kerem Şalom keçidi ilə Misirdən Qəzza zolağına gələn humanitar yardım yük maşınlarını izləyirlər, 21 yanvar 2025-ci il.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi bazar ertəsi günü Qəzzaya 915 yardım maşınının daxil olduğunu açıqlayıb.

Münaqişə 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumu ilə başlayıb. Həmin hücum nəticəsində 1200 nəfər ölüb, 250 nəfər girov götürülüb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzaya əks-hücum əməliyyatları zamanı 47 mindən çox insan, əsasən qadın və uşaqlar həyatını itirib.

Forum

XS
SM
MD
LG