Azərbaycanda meymunçiçəyinə tutulmuş insan aşkarlanıb. Bu ölkədə meymunçiçəyinə ilk tutulma halıdır.
Azərbaycan Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında deyilir ki, 22 yaşlı Azərbaycan vətəndaşı bu il yanvarın 2-dən 11-dək xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.
“Xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub. Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır”, rəsmi məlumatda qeyd edilir.
Birgə məlumatda bildirilir ki, xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.
Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək.
Mpox (meymunçiçəyi) - insanların və heyvanların yoluxa biləcəyi infeksion virus xəstəliyidir.
Mütəxəsislərin dediyinə görə, xəstəliyin simptomlarına qabarcıqlar əmələ gətirən və sonra qabıq bağlayan səpgilər, qızdırma və şişmiş limfa düyünləri daxildir. Xəstəlik adətən yüngül keçir və yoluxmuş şəxslərin əksəriyyəti müalicə olunmadan bir neçə həftə ərzində sağalır. Məruz qaldıqdan sonra simptomların yaranmasına qədər olan müddət beş ilə iyirmi bir gün arasında dəyişir və simptomlar adətən iki-dörd həftə davam edir.
2023-cü ildə Konqo Demokratik Respublikasında meymunçiçəyi epidemiyası aşkarlanıb. 2024-cü ilin avqust ayına qədər bu epidemiya bir neçə Afrika ölkəsinə yayılaraq, virusun daha davamlı şəkildə insanlara yoluxa biləcəyinə dair narahatlıqlar yaradıb. 14 avqust 2024-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu epidemiyanı Beynəlxalq Narahatlıq Doğuran İctimai Sağlamlıq Fövqəladə Vəziyyəti (PHEIC) elan edib. Afrikadan kənarda ilk yoluxma halı İsveçdə qeydə alınıb.
Forum