Yanvarın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun növbəti məhkəmə prosesi baş tutub. Bugünkü proses iş materiallarının tədqiqi ilə davam edib.
Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib ki, məhkəmədə iş materiallarında sübut kimi istifadə olunan "WhatsApp" yazışmaları oxunub, siyasətçi isə həmin yazışmaların saxta olduğunu deyib.
"Hakim Elnur Nuriyev hesablamışdı ki, o yazışmanı oxuyacaq, Tofiq Yaqublu da bir-iki söz deyəcək, amma hesaba qatmamışdı ki, Tofiq bəy oradakı hər cümlənin hesabatını istəyəcək. Hər cümləni arqumentləri ilə sübut edəcək, onları ifşa edəcək", deyə, Yaqublunun qızı qeyd edib.
Siyasətçi məhkəmədə ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıb, lakin məhkəmə vəsatəti təmin etməyib:
"Tofiq Yaqublu hakimə dedi ki, necə olur siz 165 ailənin şikayətçi olduğu Pənah Kərimovu ev dustaqlığına buraxırsınız, amma mənə gələndə ev dustaqlığına buraxmırsınız. Elnur Nuriyev də dedi ki, "siz mənim işimə qarışmayın. Mənim icraatımda 50 iş var, hamısına da ayrı-ayrı münasibət göstərirəm". Tofiq Yaqublu isə cavabında dedi ki, "bəli, doğrudan da elədir. Pənah Kərimovun pulu var deyə ayrı münasibət olub, mənim üçün tapşırıq gəlibsə mənə münasibətiniz ayrı olur".
Tofiq Yaqublu bir daha məhkəmədə günahsız olduğunu, bu cinayət işinin ona aidiyyəti olmadığını qeyd edib.
Siyasətçinin növbəti məhkəmə prosesi yanvarın 31-də davam edəcək.
Tofiq Yaqublu 2023-cü ilin dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
İttiham aktında deyilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. İddia olunur ki, Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verdiyini deyir.
Tofiq Yaqublu isə bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.
Yerli və beynəlxalq təşkilatlar siyasətçini siyasi məhbus kimi tanıyıb.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.
Forum