Accessibility links

İsraillə HƏMAS arasında atəşkəs razılığı əldə olunub


Vasitəçilər və ABŞ rəsmiləri çərşənbə günü bildiriblər ki, HƏMAS və İsrail bir ildən artıqdır ki, silahlı qrup tərəfindən saxlanılan “bəzi” girovların azad edilməsinə gətirib çıxaracaq atəşkəs əldə ediblər.

Vaşinqtonda bu xəbəri ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, senator Cim Riş yeni seçilən prezident Donald Trampın dövlət katibi vəzifəsinə seçdiyi senator Marko Rubionun namizədliyinin təsdiqlənməsi ilə bağlı dinləmələrin ortasında elan edib.

Riç, xəbərləri çatdırarkən, ehtiyatlı olmağa çağırış edib.

"Buna sevinmədən öncə, əlbəttə ki, biz bunun necə həyata keçirildiyini görməliyik " o deyib.

Hər iki partiyadan qanunvericilər bu xəbəri dəstəkləyib. Demokrat senator Kris Murfi Riçə "Bu, həqiqətən də yaxşı xəbərdir" deyə cavab verib.

Atəşkəs təklifinin əsas parametrləri prosesin bir neçə mərhələdən ibarət olduğunu göstərir və ABŞ-ın üç rəsmisi The Associated Press-ə "bəzi" girovların azad ediləcəyini təsdiqləyib.

HƏMAS militantları 2023-cü ilin oktyabrında İsrailə hücumundan sonra ələ keçirdiyi girovları azad edəcək, İsrail hakimiyyəti isə fələstinli məhbusları azad edəcək.

İsrail qoşunları Qəzzadan mərhələli şəkildə geri çəkiləcək və münaqişə nəticəsində didərgin düşmüş bəzi fələstinlilərə geri qayıtmağa icazə veriləcək, və fələstinli mülki şəxslərə yardım artırılacaq.

Vasitəçilər Qəzza zolağında İsraillə HƏMAS arasında atəşkəs razılığını yekunlaşdırmaq üçün səylərini davam etdirdikləri bir vaxtda, İsrail ordusu Qəzzanın şimalı, mərkəzi və cənubuna hava hücumları həyata keçirdiyini bildirib.

İsrail Müdafiə Qüvvələri bildirib ki, Qəzza şəhəri, Xan Yunis və Deir əl-Balahda HƏMAS-ın hədəflərini vurub.

İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İsrail təhlükəsizlik məsələsində güzəştə getməyəcək və gələcəkdə Qəzzadan təhlükə görəcəyi təqdirdə müdaxilə edəcək.

Birləşmiş Millətlər Təşkilatı çərşənbə axşamı bildirib ki, potensial atəşkəs çərçivəsində Qəzzaya humanitar yardımı artırmağa hazırlaşır. Lakin sərhədə çıxış və təhlükəsizliklə bağlı qeyri-müəyyənlik kimi problemlər qalmaqdadır.

Birləşmiş Ştatlar, Misir və Qətərin başçılığı ilə aylardır davam edən danışıqlar döyüşlərə son qoya bilməyib, ancaq son həftələrdə ABŞ-da hakimiyyət dəyişməyə hazırlaşdığı bir vaxtda bu səylər daha da güclənib.

Dövlət katibi Antoni Blinken çərşənbə axşamı Qəzzanın müharibədən sonra yenidən qurulması və idarə olunması ilə bağlı planı dəstəkləyib.

"Son 15 ayda əldə olunan strateji qazancların davamlı olmasını təmin etmək və daha yaxşı gələcəyin əsasını qoymaq öhdəliyimiz var," Blinken Vaşinqtonda yerləşən siyasət araşdırması təşkilatı olan Atlantik Şurada deyib. "Yaxın Şərqdə biz tez-tez bir diktatorun yerinin bir digəri tərəfindən doldurulduğunu və ya yerini münaqişə və xaosa verdiyini görmüşük," o əlavə edib.

Blinken bildirib ki, planda Fələstin Milli İdarəsinin "beynəlxalq tərəfdaşları" kritik xidmətləri idarə etmək və əraziyə nəzarət etmək üçün müvəqqəti idarəetmə orqanı yaratmağa dəvət etməsi nəzərdə tutulur. O bildirib ki, digər tərəfdaşlar, xüsusən də ərəb dövlətləri qısa müddətdə təhlükəsizliyi təmin etmək üçün onlara qüvvələr göndərəcəklər.

Blinken deyib ki, bu təhlükəsizlik missiyası Qəzza və İordan çayının qərb sahilini birləşdirən müstəqil Fələstin dövlətinə aparan yoldan asılı olacaq və ona "humanitar və yenidənqurma səyləri üçün təhlükəsiz mühit yaratmaq və sərhəd təhlükəsizliyini təmin etmək" tapşırılacaq. İsrailin dəstəkləməkdən imtina etdiyi Fələstin dövlətinin yaradılması danışıqlarda əsas problem nöqtəsi olub.

İsrailin Qəzzada HƏMAS-a hücumu, militant qrupun 7 oktyabr 2023-cü ildə HƏMAS İsrailə hücum edərək, İsrailin məlumatlarına görə, 1200 nəfəri öldürüb və 250-dən çox insanı girov götürməsindən sonra başlayıb. HƏMAS ABŞ, Birləşmiş Krallıq, Avropa İttifaqı və başqaları ttərəfindən terror təşkilartı kimi tanınıb.

Fələstinli səhiyyə rəsmilərinin bildirdiyinə görə, o vaxtdan bəri Qəzzada 46.500-dən çox insan öldürülüb, onların əksəriyyəti qadın və uşaqlardır. Ancaq İsrail ölənlər arasında minlərlə HƏMAS döyüşçüsünün olduğunu bildirir.

Qəzza zolağının böyük bir hissəsi döyüşlər zamanı xarabalığa çevrilib və orada humanitar böhran yaranıb. Ərazinin 2,3 milyon əhalisinin çoxu dəfələrlə didərgin düşüb.

Forum

XS
SM
MD
LG