Accessibility links

Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib


Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın paytaxtı Kyivə gələrkən qatardan düşür (14 yanvar 2025-ci il)
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın paytaxtı Kyivə gələrkən qatardan düşür (14 yanvar 2025-ci il)

Almaniyanın müdafiə naziri Boris Pistorius çərşənbə axşamı Ukraynaya səfər edərək, təxminən üç il əvvəl başlamış Rusiya işğalına qarşı mübarizədə dəstəyini nümayiş etdirib.

Almaniya rəsmiləri bildiriblər ki, bu səfər Ukraynaya dəstəyin davam edəcəyinə dair zəmanət vermək məqsədi daşıyır. Pistoriusun Ukraynanın yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirməsi nəzərdə tutulub.

Bu səfər ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə bir həftədən az qalmış və yeni administrasiya dövründə ABŞ-ın Ukraynaya qarşı siyasətinin necə dəyişə biləcəyi ilə bağlı suallar fonunda baş tutub.

Rusiya Federasiyasının bir neçə regionunda rəsmilər çərşənbə axşamı Ukrayna tərəfindən böyük dron hücumlarına məruz qaldıqlarını bildiriblər. Saratov vilayəti qubernatoru Roman Busargin bildirib ki, Saratov və Engels şəhərlərindəki iki sənaye müəssisəsində zərər qeydə alınıb.

Həmin bölgədə Rusiya bombardmançı təyyarələrinin bazası yerləşir. Ötən həftə Ukraynanın bir hücumu həmin bazaya xidmət göstərən neft anbarını hədəf almışdı.

Oryol vilayətinin qubernatoru Andrey Klıçkov Telegramda bildirib ki, bölgədə 17 Ukrayna dronu Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. O əlavə edib ki, hücumlar nəticəsində heç bir zərər və ya tələfat olmayıb.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar Telegramda 14 dronun gecə saatlarında məhv edildiyini bildirib. Voronej rəsmiləri isə bir neçə Ukrayna dronunun zərərsizləşdirildiyini və heç bir zərərin baş vermədiyini açıqlayıblar.

Rusiya Müdafiə Nazirliyi Bryansk regionunu hədəf alan altı ABŞ istehsalı ATACMS raketi və altı Britaniya istehsalı Storm Shadow raketinin, həmçinin Qara dəniz üzərində iki Storm Shadow raketinin vurulduğunu bildirib. Nazirliyin sözlərinə görə, raket hücumu nəticəsində zərər və ya tələfat olmayıb.

Ukrayna ordusu çərşənbə axşamı bildirib ki, Rusiyanın 11 fərqli regiona hücum zamanı istifadə etdiyi 80 drondan 58-i məhv edilib.

Ukrayna Hərbi Hava Qüvvələri vurulmuş dronların qalıqları nəticəsində Çerkası, Xarkov, Kiyev, Sumı və Jitomir regionlarında yaşayış binalarına, kommersiya obyektlərinə və avtomobillərə ziyan dəydiyini qeyd edib.

Ukrayna hava hücumundan müdafiə qüvvələri həmçinin Dnepropetrovsk, Xerson, Kirovoqrad, Mikolayev, Odesa və Poltava regionları üzərində Rusiyaya məxsus dronları məhv edib.

Forum

XS
SM
MD
LG