Yanvarın 11-də "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimova vəkillə konfidensial görüşə icazə verilmədiyi bildirilir. Bu barədə jurnalistin özü məlumat verib.
Kərimov dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist məhkəmənin hökmündən sonra yanvarın 10-da proses protokolları ilə tanış olarkən ona vəkillə birgə oturmağa imkan verilmədiyini deyir. Kərimov bunun qanun pozuntusu olduğunu, həmçinin məsələ ilə bağlı şikayət verəcəyini qeyd edib.
"Məhkəmə sənədlərində təhriflər var, məhkəmədə vətəndaşların verdiyi ifadələr təhrif olunub. Orada zərərçəkmiş Leyla Almaszadə məhkəmədə məndən heç bir şikayəti olmadığını dedi və bildirdi ki, "Teymur nə məndən pul istəyib, nə də pul alıb". Məhkəmə sənədində isə qeyd olunub ki, "guya Leyla məndən şikayətçidir və qeyri-qanuni yolla çəkilmiş videoların silinməsini istəyib"- deyə, Kərimov bildirib.
Jurnalist qeyd edir ki, məhkəmədə səsyazmaların olduğu disk olsa da, lakin prosesdə o disk dinlənilmədi, protokolda isə qeyd olunub ki, guya o disklərə qulaq asıblar və hamısı öz təsdiqini tapıb:
"Protokollarda qeyd olunur ki, guya İstək Totiyeva mənə bank hesabından pul göndərib, lakin onun bank kartlarının çıxarışlarından görünür ki, o, mənə heç bir pul göndərməyib və məbləğləri nağd şəkildə kartından çıxarıb. Məhkəmə protokolları etibarsız hesab olunmalıdır".
Teymur Kərimov məhkəmə tərəfindən prosesdə zərərçəkmiş kimi tanınan şəxslərin, təqsirləndirlən qismində tanınan İstək Totiyevanın, həmçinin şahidlər tərəfindən verilmiş ifadələrin protokollarda saxtalaşdırıldığını bildirib.
"Yazıblar ki, guya mən oktyabr ayında İstək Totiyevaya 350 manatı maaş şəklində vermişəm, əslində isə biz əməkdaşlığı sentyabrın 25-də sonlandırmışıq. İstək Totiyeva məhkəmədə qeyd etdi ki, ümumiyyətlə, 10 min manat məsələsindən onun xəbəri olmayıb, o, bu məsələni "Bandotdel"də eşidib. Lakin protokolda yazılıb ki, guya Totiyeva bunu mən zərərçəkmiş şəxslə telefonla danışarkən eşidib. Bu da ona dəlalət edir ki, məhkəmə protokolları, həmçinin qərar saxtalaşdırılıb"- deyə, jurnalist qeyd edib.
İddia ilə bağlı aidiyyəti qurumlardan mövqe almaq mümkün olmayıb.
Dekabrın 28-də hakim Azad Məcidovun sədrliyi ilə Teymur Kərimov 2 il jurnalistika fəaliyyətinə qadağa qoyulmaqla 8 il müddətinə həbsə məhkum edilib, İstək Totiyevaya isə 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.
Kərimov ittihamın yalan olduğunu, özünü təqsirli bilmədiyini bildirib və ona bəraət verilməsini istəyib, lakin məhkəmə onun bu xahişini nəzərə almayıb. Onun vəkilləri hökmdən apellyasiya şikayəti verəcəklərini deyiblər.
İttihama əsasən, Teymur Kərimov onun rəhbərlik etdiyi kanalda reportyor olan İstək Totiyeva vasitəsilə Fərrux Ələkbərov və Leyla Almaszadə adlı şəxslərdən onlar haqqında materialların saytdan silinməsi üçün pul tələb edib və alıb.
Teymur Kərimov məhkəmədə bildirib ki, ona həbs olunan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ("Bandotdel") saat və tarixi qeyd olunmayan sənədlərə imza çəkdiriblər. Jurnalist idarədə ona işgəncə verildiyini deyib.
İddialarla bağlı aidiyyatı qurumlardan mövqe almaq mümkün olmayıb.
Ötən il dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində həbs qətimkan tədbiri seçib. Kərimov Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci və 182.2.4-cü maddələri ittiham olunur.
Kərimov yerli hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.
Hazırda Azərbaycanda 20-dən çox jurnalist və bloger həbsədədir. Bir sıra yerli və beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti jurnalistlərin həbsi ilə bağlı bəyanatla çıxış edərək, Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıb.
Lakin Azərbaycan hakimiyyəti bu tənqidlərlə razılaşmır, ölkədə heç kimin siyasi baxışlarına və iradəsinə görə həbs olunmadığını bəyan edir.
Forum