Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Almaniya vətəndaşı Həmzə Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun anası Hicran Məmmədovanın sözlərinə görə, oğlu sosial mediada tənqidi fikirlər yazdığına görə həbs olunub:
"Müxalifət nümayəndələri ölkədə mitinq edə bilmirlər, Almaniyada oturub burada dövlət çevrilişi edir? Bu qədər yalan olmaz! 1 il 8 aydır ki, məhkəmədə cinayət işindən bir kəlmə də söhbət getmədi. Məhkəmədə "Hamam Times"ın paylaşdığı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən qırılan ağaclarla bağlı tənqidi şərh yazması ilə bağlı fikirləri səsləndirdilər. Ali təhsilli həkimə kəsdikləri iş budurmu?".
Həmzə Məmmədlinin qardaşı Ərtoğrul Məmmədov bildirib ki, son günə qədər məhkəmədən ədalət gözləyiblər.
"Dedik ki, ədalət ölməyib, ədalət öz yerini tapacaq, yəni, özləri də görəcək ki, səhv ediblər. Bu səhvi boynuna almaq böyüklükdür, amma biz bu böyüklüyü görmədik. Dəfələrlə Həmzəni çağırıb deyiblər ki, "bu işi boynuna götür, biz sənə kömək edəcəyik". Ancaq Həmzənin sözü bu olub ki, "mən etmədiyimi boynuma götürmərəm", deyə, qardaşı qeyd edib.
Məmmədlinin vəkili Adəm Məmmədov ittihamın ədalətsiz və ehtimallar əsasında olduğunu deyib:
"Müdafiə etdiyim şəxs öz savadı ilə tanınır, heç bir siyasi fəaliyyəti olmadığı halda, hansısa saxta profillərlə müəyyən yazışmaları olub. Guya o, 2018-ci ildə Gəncədə olan hadisələrlə bağlı çağırış edib, halbuki, bunu heç cür sübuta yetirə bilmədilər. Demək olar ki, orada heç bir sübut yox idi. "Facebook" sosial şəbəkəsində rəy yazmış 32 nəfəri dəvət etmişdilər, həmin şəxslər məhkəmədə dedilər ki, "biz Həmzə Məmmədlini tanımırıq". Əvvəlcədən hazırlanmış ifadələri göstərdilər ki, "bəli, mən oxumuşdum ki, Gəncədə baş verən hadisələrlə bağlı Həmzə Məmmədli münasibət bildirib, terrora açıq çağırışlar edib, hakimiyyət əleyhinə fikirlər bildirib". Biz sübut etdik ki, Həmzənin öz profilindən belə paylaşımlar edilməyib".
33 yaşlı Həmzə Məmmədli 2015-ci ildə Azərbaycandan Almaniyaya köçüb, tibb kollecində təhsil alıb və klinikada həkim köməkçisi işləyib. 2023-cü il iyulun 1-də öz toyuna gələn Həmzə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb.
Məlum olub ki, hələ 2018-ci il iyulun 18-də Həmzə Məmmədli barəsində Azərbaycan Cinayət Məcəlləsinin "Terrorçuluğa açıq çağırış" və "Dövlətə qarşı açıq çağırış" maddələri ilə cinayət işi açılıb, o, qiyabi həbs olunub və axtarışa verilib.
Yanvarın 7-də məhkəmədə prokuror Həmzə Məmmədlinin 8 il azadlıqdan məhrum edilməsini istəyib.
Vəkilləri isə onun təqsirsiz olduğunu bildirib və bəraət verilməsini xahiş ediblər.
Həmzə Məmmədli də son sözündə ittihamların əsassız olduğunu deyib. O bildirib ki, Gəncənin icra başçısına sui-qəsddə ittiham olunan Yunis Səfərovu tanımır, onunla əlaqəsi olmayıb. Heç vaxt da onunla bağlı çağırış etməyib. Həmzə Məmmədli məhkəmədən ədalətli qərar istəyib.
Hakimlər isə bir neçə dəqiqə sonra onun 6 il azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.
Forum