"İctimai fəal Rza Səfərsoy siyasi məhbusdur, qeyd-şərtsiz və dərhal azad edilməlidir".
Bu barədə Rza Səfərsoyun Hüquqlarını İctimai Müdafiə Komitəsi yanvarın 6-da yaydığı bəyanatda deyilir.
“Hazırda təcridxanada saxlanma şəraitinin dözülməz olması onun xəstəliklərini daha da kəskinləşdirmiş, yeni xəstəliklərin də yaranmasına səbəb olmuşdur. Xanımının verdiyi məlumata görə, daxili orqanlarında fəsadlar yaranmış, ayaqları şişmiş, dırnaqları çürüməyə başlamışdır”, Komitənin bəyanatında deyilir.
Komitə qeyd edir ki, ictimai fəal təcridxanada keyfiyyətli tibbi yardım ala bilmədiyindən hazırkı sağlıq durumu həbsdə saxlanılmasına imkan vermir.
“Bütün bu səbəbləri nəzərə alaraq, Rza bəy təcili surətdə həbsdən azad edilməlidir. Əks təqdirdə, Rza Səfərsoyu hər an itirə bilərik”, bəyanatda xatırlanıb.
Hələlik Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidməti və başqa aidiyyatı qurumlardan münasibət almaq mümkün olmayıb .
Amma buna qədər Penitensiar Xidmətin məsul şəxsləri oxşar şikayətlərin heç bir əsasının olmadığını, məhbuslarla qanun çərçivəsində davranıldığını bildiriblər.
Dekabrın 11-də Bakının Xəzər Rayon Məhkəməsi hakim Hüseyn Hüseynlinin sədrliyi ilə Rza Səfərsoyu 2 il 9 ay həbsə məhkum edib.
Rza Səfərsoy bildirib ki, hakimiyyətin sifarişi ilə saxta ittihamla həbs edilib və siyasi sifarişli işlərdə heç zaman bəraət verilmir.
Rza Səfərsoy Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) maddəsi ilə ittham olunur.
O, 23 noyabr 2023-cü ildə həbs edilib. Polis əməkdaşları onun evindən qanunusuz silah tapıldığını iddia edib.
Səfərsoy qanunsuz silah saxlamaq ittihamını qəbul etmir.
Bununla yanaşı, Daxili İşlər Nazirliyi bir qayda olaraq polisin hərəkətlərinin qanunvericiliyə uyğun olduğunu bildirir. Nazirliyin Mətbuat xidməti hesab edir ki, saxlanılan şəxslərin polisin hərəkətləri ilə bağlı dedikləri özünü müdafiə xarakteri daşıyır.
Səfərsoy Birinci Qarabağ müharibəsinin veteranıdır. 2018-ci ildə o, Gəncə şəhərində kütləvi həbsləri tənqid etdikdən sonra artıq qanunsuz silah dövriyyəsi ittihamı ilə həbs olunub. Həmin vaxt 2 il müddətinə azadlıqdan məhrum edilib. 7 ay sonra Apellyasiya Məhkəməsi cəza müddətini azaldaraq onu azad edib.
Bu dəfə o, sosial şəbəkələrdə “Abzas Media” internet nəşrinin rəhbərlərinin həbsini kəskin tənqid etdikdən və vətəndaşları etirazlara çağırdıqdan sonra həbs olunub.
Forum