Accessibility links

Azərbaycan Gimnastika Federasiyasına qarşı sanksiyalar tətbiq edilib


Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası Azərbaycanın bədii gimnastika üzrə keçmiş baş məşqçisi, hazırda gənclər və idman nazirinin müavininə, gimnastika üzrə baş məşqçi vəzifəsini icra edənə və Azərbaycan Gimnastika Federasiyasına (AGF) sanksiya tətbiq edib.

Gimnastika Etikası Fondunun məlumatında deyilir ki, Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası dekabrın 18-də intizam icraatı barədə qərarını elan edib.

“İş 2020-ci ilin iyulunda GEF-in diqqətinə çatdırılıb, ardınca geniş araşdırma aparılıb və 2023-cü ilin iyununda AGF məşqçiləri tərəfindən illər ərzində çoxsaylı gimnastlara qarşı fiziki və psixoloji zorakılığa görə ittiham elan edilib”, məlumatda qeyd edilir.

İntizam Komissiyası Mariana Vasilevanı (hazırda Azərbaycan gənclər və idman nazirinin müavini-red) 8 il müddətinə FIG-nin hər hansı fəaliyyətində və digər beynəlxalq tədbirlərdə iştirakdan kənarlaşdırıb. Vasilevaya Beynəlxalq Gimnastika Federasiyasına (FIG) bağlı hər hansı federasiyanın baş məşqçisi olmaq ömürlük qadağan edilib. 2019-cu ildə FIG tərəfindən Mariana Vasilevaya verilən “Fəxri Məşqçi” Diplomu geri götürülür.

Məlumatda qeyd edilir ki, Azərbaycan Gimnastika Federasiyası fərdi respondentlər, məşqçilər tərəfindən yol verilən bütün pozuntulara görə məsuliyyət daşıyır.

AGF-nin 2025-ci ildə Qawra (Malta) şəhərində keçiriləcək 25-ci Şura İclasında və 2026-cı ildə Banqkokda (Tailand) keçiriləcək 86-cı Konqresdə iştirakı dayandırılır. AGF 6 ay müddətinə FIG-in hər hansı fəaliyyətində və digər beynəlxalq tədbirlərdə iştirakdan kənarlaşdırılır. AGF 30.000 CHF məbləğində cərimə ödəyəcək.

Tərəflər qərarın bildirilməsindən sonra 21 gün ərzində GEF Apellyasiya Məhkəməsinə qərardan şikayət etmək hüququna malikdirlər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: "Tramp savaşı bitirməkdə "həlledici" rol oynaya bilər"
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG