ABŞ prezidenti seçilmiş Donald Tramp çərşənbə axşamı keçmiş prezident Cimmi Karterin dəfn mərasimində iştirak etməyi planlaşdırdığını bildirib.
Floridadakı Mar-a-Lago klubunda Yeni il gecəsinə gedərkən bu barədə suala Tramp "Mən orada olacağam" - deyə, cavab verib. Karterin ailə üzvləri ilə danışıb-danışmadığısualına isə Tramp heç deməməyi üstün tutduğunu bildirib.
Bazar günü 100 yaşında vəfat edən Karterin dəfn mərasimi yanvarın 4-dən başlayaraq yanvarın 9-na kimi Corciya və Vaşinqtonda keçiriləcək.
Tramp 1970-ci illərin yüksələn inflyasiya dərəcələrindən istifadə edərək, prezident Co Baydeni Karter və onun administrasiyası ilə müqayisə edərək, seçki kampaniyasında Karteri tez-tez kəskin tənqid edib.
Seçilmiş prezident Karterin ölümündən sonra sosial media saytındakı yazılarında keçmiş prezident haqqında lütfkarlıqla danışıb və xalqın "ona minnətdarlıq borcu olduğunu" yazıb.
"Karter Amerikanı daha yaxşı bir yerə çevirmək üçün çox çalışıb və buna görə ona ən yüksək hörmətimi bildirirəm", Tramp bildirib.
Şənliyə smokinq geyinən Tramp bir neçə dəqiqə jurnalistlərin müxtəlif mövzularda suallarını cavablandırıb. O, İsrailin Qəzzada HƏMAS ilə müharibəsində atəşkəsin mümkünlüyü barədə sualın cavabında “Nə olacağını görəcəyik” deyib.
Bir ildən çox əvvəl HƏMAS tərəfindən ələ keçirilən girovlarla bağlı seçilmiş prezident deyib: “Mən bunu belə deyim: Girovların tezliklə geri qayıtmasına icazə versələr yaxşı olar”.
Tramp həmçinin 2025-ci ilin “möhtəşəm il” olacağını düşündüyünü və “biz bir ölkə olaraq fantastik dərəcədə yaxşı işlər görəcəyik” deyib.
Forum