Rusiya qazının Ukrayna üzərindən ixracı çərşənbə günü, tranzit müqaviləsinin müddətinin başa çatması ilə dayandırıldı.
Onilliklər boyu davam edən bu marşrutun kəsilməsi bəzi Avropa ölkələrini qaza alternativ mənbələr tapmağa məcbur edəcək.
Rusiyanın 2022-ci ildə Ukraynaya hücumu artıq Avropa İttifaqının bir çox ölkəsini Rusiya qazına olan asılılığını azaltmağa sövq etmişdi.
“Biz Rusiya qazının tranzitini dayandırdıq. Bu, tarixi bir hadisədir. Rusiya bazarlarını itirir və maliyyə itkilərinə uğrayacaq. Avropa artıq Rusiya qazından imtina etmək qərarını verib”, – Ukraynanın enerji naziri German Qaluşçenko bəyanatında bildirdi.
Rusiyanın qaz nəhəngi “Gazprom” isə qazını Ukrayna üzərindən göndərmək üçün “texniki və hüquqi haqlarını” itirdiyini açıqladı.
Rusiya hələ də qazı Türkiyə və mərkəzi Avropa ölkələrinə, o cümlədən Macarıstan və Serbiyaya ixrac edə bilir.
Moldova hökuməti isə Rusiyanın təchizatını itirməklə əlaqədar enerji istehlakını kəskin şəkildə azaltmaq göstərişi verib.
Avropa İttifaqı, üzv dövlətlərə təsirin azaldığını vurğulayaraq, “Avropa qaz infrastrukturu, mərkəzi və şərqi Avropa üçün qeyri-Rusiya mənşəli qazı təmin edəcək qədər çevikdir” deyə bildirib.
Forum