Accessibility links

Nyu-Orleanda sürücünün avtomobilini izdihamın üzərinə sürməsi nəticəsində 15 nəfər ölüb, 30 nəfər yaralanıb


Fövqəladə hallara hazırlıq agentliyi NOLA Ready-nin məlumatına görə, yeni ilin ilk saatlarında Nyu-Orleanın məşhur Kanal və Burbon küçəsində sürücünün avtomobilini izdihamın üzərinə sürməsi nəticəsində 15 nəfər ölüb, 30 nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarının AP-yə verdiyi məlumata görə, şübhəli polisin atəşi nəticəsində öldürülüb.

Polisin bildirdiyinə görə, avtomobili insanların üzərinə sürdükdən sonra sürücü avtomobildən düşüb və polislərə atəş açıb.

Polisin məlumatına görə, zabitlər cavab atəşi açaraq şübhəlini öldürüblər. Polisin bildirdiyinə görə, iki zabit yaralanıb, lakin onların vəziyyəti stabildir.

Şəhər meri LaToya Kantrell kütləvi tələfat hadisəsini “terror hücumu” adlandırıb. Federal Təhqiqat Bürosu (FTB) baş verənləri araşdırır.

FTB ictimai şəkildə şübhəlinin adını təqdim etməyib, amma NBC News hüquq-mühafizə orqanlarında dörd yüksək vəzifəli mənbələrə istinadən şübhəlinin 42 yaşlı Şamşud Din Cabbar olduğunu açıqlayıb.

NOLA.com isə adının açıqlanmadığı hüquq-mühafizə əməkdaşına istinadən bildirib ki, şübhəlinin maşınında İŞİD bayrağı var idi.

FTB-nin xüsusi agentinin köməkçisi Aletea Dankan bildirib ki, rəsmilər hadisə yerində şübhəli əldəqayırma partlayıcı qurğu aşkar edib.

Nyu-Orlean polisi daha əvvəl ölənlər də daxil olmaqla, kütləvi tələfat hadisəsinə reaksiya verildiyini bildirmişdi. NOLA Ready insanlara ərazidən uzaq durmağı tövsiyə edib.

ABŞ prezidenti Co Bayden bildirib ki, o, hücum haqda davamlı şəkildə məlumatlandırılır:

“Ürəyim bayramı qeyd etməyə çalışan qurbanlar və onların ailələrinin yanındadır. Zorakılığın heç bir forması əsaslandırıla bilməz və biz ölkə icmalarına istənilən formada hücumlara qarşı dözümlü olmayacağıq”, Bayden sosial mediada yayılan bəyanatında bildirib.

Yeni seçilmiş prezident Donald Tramp da Truth Social platformasında hücumu qınayıb:

“Bizim ürəyimiz günahsız qurbanlar və onların sevdiklərinin yanındadır”, Tramp yazıb: “Tramp administrasiyası hadisənin təhqiqatı və bu əməldən bərpa olunmaq üçün Nyu-Orlean şəhərinə tam dəstək verəcək”.

Yaralıların 5 yerli xəstəxanaya aparıldığı bildirilib. Hadisə Nyu-Orleanda yeni il şənliklərinin sonuna yaxın və minlərlə insanın iştirakı gözlənilən şəhərin kollec futbol turninin 1/4 finalı oyununa saatlar qalmış baş verib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: "Tramp savaşı bitirməkdə "həlledici" rol oynaya bilər"
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG