Accessibility links

Kreml Belarusu Ukraynada müharibəyə qoşulmağa və ya müstəqilliyini itirməyə məcbur edə bilər


2024-cü il Belarus və Rusiya arasında siyasi və hərbi sahədə daha da yaxınlaşma ilə yadda qalıb.

Dekabrda Vladimir Putinlə Aleksandr Lukaşenko arasında Minskdə keçirilən görüş zamanı nüvə silahı daşıya bilən “Oreşnik” raket sisteminin təhvil verildiyi açıqlanıb. Belarusda yerləşən Rusiyanın taktiki nüvə silahlarından istifadəni nəzərdə tutan təhlükəsizlik zəmanətləri haqqında da saziş imzalanıb.

“Təəssüf ki, biz Belarusun Rusiya tərəfindən de-fakto ilhaqını müşahidə etməkdə davam edirik, burada Lukaşenko öz hakimiyyətini saxlamaq üçün ölkəsinin suverenliyini və müstəqilliyini qurban verir. Putinin Ukraynaya qarşı müharibəsinə dəstək verməkdə Belarusun da rolu var. Və unutmaq olmaz ki, 2022-ci ildə Lukaşenko Belarus ərazisindən Ukraynaya genişmiqyaslı işğala başlamaq üçün istifadə etməyə icazə verib. İndi biz Rusiyanın Belarus ərazisinə getdikcə daha çox silah və raket sistemləri yerləşdirməsini, öz militarizasiyasını artırdığını görürük”, Corc Buş İnstitutunun icraçı direktoru Devid Kramer deyib.

Alberta Universitetinin Şərqi Avropa tarixi professoru Devid Marples bildirib: “Rusiya ilə Belarus arasında münasibətlər getdikcə daha sıxlaşır. Artıq bir ilə yaxındır ki, Belarus ərazisində taktiki nüvə silahları mövcuddur. Onun həqiqətən istifadəyə nə dərəcədə hazır olduğunu bilmirik. Lakin bundan da önəmlisi iki ölkənin media məkanlarının necə birləşdiyidir. İndi onlar əslində əsas düşmən kimi Qərbə qarşı yönəlmiş eyni təbliğatı yayımlayırlar. Polşa Belarusa qarşı potensial təcavüzkar kimi göstərilir. Bütün bunlar ölkəni NATO-nun işğalından qorumaq zərurəti ilə əsaslandırılır, baxmayaraq ki, NATO heç vaxt Rusiyanı təhdid etməyib”.

Belarus rejimi 2021-ci ildə olduğu kimi yenidən miqrasiya böhranı təşkil etməyə çalışaraq, Suriya, İraq və Afrika ölkələrindən miqrant axınını Polşa sərhədinə göndərib. Polşa hakimiyyəti miqrantlar tərəfindən çoxsaylı təcavüz, o cümlədən sərhədçilərə hücumlar barədə məlumat verib. Varşava buna cavab olaraq 200 metrlik bufer zonası yaradıb və sərhədçilərin sayını artırıb.

Litva və Latviya da mümkün təxribatların qarşısını almaq üçün öz sərhədlərinin mühafizəsini gücləndirib.

“Lukaşenko Putin üçün bir çox faydalı vəzifələri yerinə yetirir: miqrasiyadan silah kimi istifadə etməkdən tutmuş, yeni hərbi texnika ilə təmin etməyə qədər. Ona bəzən Qərbə xoş bəyanatlar verməyə icazə verilir, amma əslində bütün əsas qərarlar, necə deyərlər, bütün “hamburger” Moskvada hazırlanır”, ABŞ Sülh İnstitutunda Avropa və Rusiya Mərkəzinin baş məsləhətçisi Donald Censen deyib.

Lakin Lukaşenko keçmişdə dəfələrlə olduğu kimi 2024-cü ildə də Qərblə dialoqa hazır olduğunu nümayiş etdirərək manevr etməyə cəhd edib. Ölkədə uzun müddətdən sonra ilk dəfə olaraq 200-dən çox siyasi məhbus azad edilib.

Bəzi ekspertlər Belarusun müstəqilliyini tamamilə itirməsi ilə bağlı fikirlərlə razılaşmır.

“Rusiya yəqin ki, Belarusu ələ keçirmək fikrində deyil. Putin üçün Belarusun soyuq müharibə dövründə Şərqi Avropa ölkələrini xatırladan peyk olması kifayətdir. Eyni zamanda biz görürük ki, ya Putin Lukaşenkonun hərbi gücünə kifayət qədər inanmır, ya da Lukaşenkonun özünə. Belarusluların yerinə yetirə biləcəyi kimi görünən tapşırıqlar üçün belə Şimali koreyalılar gətirilir. Bu, çox şey deyir. Bu, Lukaşenkonun saxlamağa çalışdığı balansın işə yaradığını göstərir. O,, hakimiyyətdə qalır və müstəqilliyini itirməyib. O, Putinə lazım olan hər şeyi deyir, həm də ilhaq olacağı təqdirdə mümkün müqavimət barədə bəyanatlar verir. Cəmiyyətdə isə təbii ki, Rusiya tərəfindən işğala qarşı gizli fikirlər var”- deyə, Donald Censen bildirib.

Lukaşenkonun istəyindən asılı olmayaraq, müharibənin özü 2024-cü ildə Belarus sərhədlərinə yaxınlaşmağa başlaşıb.

“Belarusski Gayun” monitorinq layihəsi bildirir ki, 2024-cü ilin iyul ayından bəri Ukrayna ilə müharibədə istifadə edilən ən azı 356 Rusiya pilotsuz təyyarəsi Belarus hava məkanına daxil olub. Onların sayı artır: əgər iyulda 9 dron qeydə alınıbsa, noyabrda artıq bu göstərici 151-ə çatıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: "Tramp savaşı bitirməkdə "həlledici" rol oynaya bilər"
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG