Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan “III Respublika Platforması”nın spikeri Akif Qurbanov həbsxanadan məktub göndərib. Məktubu olduğu kimi təqdim edirik:
“Hakimiyyət yerli və xarici optimistlərin gözləntilərinin əksinə olaraq COP29-dan sonra da repressiyanı davam etdirməkdədir. Bununla, guya həm Qərbdən COP29-un acığını çıxır, həm də ölkədə yaranmış insan haqları böhranına görə artan beynəlxalq təzyiqin qarşısından çəkilməyəcəyini göstərir. Rüfət Səfərov, “Meydan TV” heyəti və Azər Qasımlının həbsi ilə də guya Qərbin qalan “dayaqlarını” sıradan çıxarırlar. Axı öz aləmlərində bizləri Qərbin adamları, onun təsir agentləri elan ediblər. Hakimiyyət indi də cəmiyyəti bu yolla aldadır”.
Akif Qurbanov məktubunda qeyd edir ki, onlar təqibə məruz qalacağını bilə-bilə ölkədə qalıblar.
“Biz isə heç kimin adamı deyilik. Qərbin adamı olsaq, Azərbaycana bağlı olmasaq, ölkənin gələcəyini düşünməsək, həbs olunacağımızı, təqibə məruz qalacağımızı, bu rejimin hər cürə özbaşınalığa gedə biləcəyini bilə-bilə ölkədə qalmazdıq, gedib orda yaşayardıq. Nə itimiz azmışdı burada? Demək ki, ideallarımıza, ölkəmizə, xalqımıza bağlıyıq ki, onun uğrunda hər cür çətinliyə dözərək həbs olunmağı seçmişik. Sadəcə biz ölkəmizin gələcəyini, birinci və ikinci Respublikanın qurucu ideyası kimi Avro-Atlantik məkana inteqrasiyada görür, Qərb cəmiyyətlərinin nail olduğu tərəqqiyə, rifaha bizim də nail olmağımızı istəyirik. Bundan o tərəfi yoxdur”, deyə, spiker məktubuna davam edir.
ResPlatformanın spikeri son illərdə baş verən media qarşı təzyiqlərə də toxunub:
“Cəmiyyət bilməlidir ki, bu şəxslərin həbsi el dilində desək, “sizin kisənizdən” gedir. Hakimiyyət Rüfət Səfərovun timsalında sizin pozulan hüquqlarınızın müdafiə olunmasını istəmir. “Meydan TV”, “Toplum TV” və “Abzas Media”nın nümunəsində sizin alternativ və həqiqi məlumata çıxışınızın olmasını, problemlərinizin ictimailəşməsini istəmir. Azər Qasımlının simasında sizə siyasi gerçəkləri söyləyən, hadisələri təhlil edib, çıxış yolu göstərən siyasətçilər istəmir. Bu halda itirən təəssüf ki, cəmiyyətimiz, qazanan isə tək adam rejimidir. Haqq yolunda mübarizə aparanların ailələri, yaxınları əziyyət çəksə də, özləri çox şey itirməyəcəklər. Əksinə, daha da möhkəmlənəcəklər, müdrikləşəcəklər. Əsas itirən isə cəmiyyətimiz və ölkəmizdir”.
Qurbanov məktubunda qeyd edir ki, bu cür siyasətlə hakimiyyət bir tərəfdən güclü olduğunu nümayiş etdirirsə, digər tərəfdən də qorxduğu üçün bu cür davranır.
“Etirazlardan, xalqın ayılıb onlardan hesab sorğulamasından qorxurlar. Eyni zamanda da Qərblə üzləşdiyi konfrontasiyadan bu dəfə də uduşlu çıxa bilmək, növbəti mərhələdə sövdələşməyə nail olmaq üçün həm də əllərinə “kozır” yığmağa çalışırlar. Ancaq bu dəfə sövdələşmə ehtimalı çox aşağıdır. Bir gün mütləq indi irəli getdikləri sürətlə də geri çəkilməli olacaqlar.
Bəşər Əsədin qaçışından sonra hökumətin əlaltı mediaları onun arxasınca döşəməyə başlayıblar. Təəssüf ki, yanlarında bir ürəkli adam yoxdur desin ki, bir güzgüdə özünüzə baxın. Axı idarəetmə, büdcə talanı, xaricdə əmlaklar, ölkədən pul çıxarılması və s. məsələlərdə siz Əsəddən geri qalmırsınız. Əsəd barədə beynəlxalq mediaların yazılarını tirajlayırlar, amma həmin medialar özlərindən yazanda olurlar xarici qara qüvvələr”, - Qurbanov əlavə edib.
ResPlaformaın spikeri məktubunun sonunda “tək adam rejimlərinin siyasi mahiyyətinə, təfəkkürünə uyğun gəlməsə də, yenə də çağırışım odur ki, nə qədər ki, Suriyanın vəziyyətinə düşməmişik Əliyev Əsədin taleyindən dərs çıxarmalıdır” deyə bildirir:
“Əliyevin yeni strateji müttəfiqi olan Putin köhnə strateji müttəfiqi Əsədi Moskvaya aparmaqdan başqa heç nə edə bilmədi. Cəmiyyətimizi isə gələcək haqda düşünməyə çağırıram. Bir gün mütləq biz də işıqlı yola çıxacağıq”.
"Toplum TV işi" üzrə nə baş verib?
Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin "Toplum TV"nin ofisinin qapısı möhürlənib. "Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.
Bu ilin iyul ayından başlayaraq bütün həbs olunanların həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb.
Qeyd: Bu, Akif Qurbanovun fikirləridir. Rəsmi Bakı isə jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir. Hökumət rəsmiləri insanların qanunvericilik qarşısında bərabər olduğunu, fundamental hüquqların tam təmin edildiyini iddia edir.
Forum