Accessibility links

Rəsmilər bildirir ki, İsrailin basqınından sonra Qəzzanın əsas xəstəxanası bağlanıb


Ümumdünya Səhiyyə Təşkilatı və səhiyyə rəsmiləri şənbə günü bildiriblər ki, İsrail ordusunun HƏMAS militantlarını hədəf alan reydi nəticəsində Qəzzanın şimalında böyük bir xəstəxana istismardan çıxıb və xəstəxana direktoru saxlanılıb.

Fələstinli ərazinin səhiyyə rəsmiləri bildiriblər ki, Kamal Advan xəstəxanasına edilən hücum müəssisəni "yararsız" hala salıb və Qəzzadakı ağır səhiyyə böhranını daha da pisləşdirib.

"Kamal Advan xəstəxanasına bu səhər edilən basqın Qəzzanın şimalındakı bu sonuncu böyük səhiyyə müəssisəsini istismardan çıxarıb. İlkin məlumatlara görə, basqın zamanı xəstəxananın bəzi əsas hissələri ciddi dərəcədə yanıb və dağıdılıb," Ümumdünya Səhiyyə Təşkilatı gecə X-də yazıb.

ÜST 60 tibb işçisi və ağır vəziyyətdə olan 25 xəstənin, o cümlədən süni nəfəs aparatında olan xəstələrin xəstəxanada qaldığını bildirib.

BMT-nin səhiyyə agentliyi bildirib ki, vəziyyəti orta və ağır olan xəstələr dağıdılmış, fəaliyyət göstərməyən İndoneziya Xəstəxanasına təxliyə edilmək məcburiyyətində qalıblar. Angetlik "onların təhlükəsizliyi üçün dərindən narahat olduğunu" əlavə edib.

HƏMAS-ın idarə etdiyi Qəzzanın səhiyyə nazirliyi bildirib ki, İsrail qüvvələri Kamal Advan xəstəxanasının direktoru Hossam Əbu Səfiyə və bir neçə tibb işçisini saxlayıb.

Qəzzanın mülki müdafiə agentliyi Əbu Səfiyənin agentliyin Qəzza zolağının şimalındakı komandiri Əhməd Həsən əl-Kəhlutla birlikdə saxlanıldığını bildirib.

İsrail ordusu həbslərlə bağlı şərh verməyib.

Basqından bir neçə gün əvvəl Əbu Səfiyə xəstəxananın təhlükəyə açıq vəziyyəti ilə bağlı dəfələrlə xəbərdarlıq edib və İsrail qüvvələrini obyekti hədəfə almaqda ittiham edib

Bazar ertəsi o, İsraili xəstəxananı "içəridəki insanları öldürmək və zorla köçürmək niyyəti ilə" hədəfə almaqda günahlandıran bəyanat yayıb.

Cümə axşamı Əbu Səfiyə xəstəxananın beş əməkdaşının İsrailin müəssisənin yaxınlığına endirdiyi zərbə nəticəsində həlak olduğunu bildirib.

İsrail oktyabrın 6-dan bəri Qəzzanın şimalında qurudan və havadan hücumlarını gücləndirib və məqsədinin HƏMAS militantlarının yenidən qruplaşmasının qarşısını almaq olduğunu bildirib.

Ordu cümə günü xəstəxananın yaxınlığındakı "terror infrastrukturu və əməliyyatçılar"ın olduğuna dair kəşfiyyat məlumatlarına əsasən hərəkət etdiyini bildiriblər.

Ordu xəstəxana yaxınlığında son əməliyyata başlamazdan əvvəl bildirib ki, qoşunları “mülki əhalinin, xəstələrin və tibb işçilərinin təhlükəsiz təxliyyəsinə şərait yaradıb.”

HƏMAS xəstəxanada əməliyyatçılarının olması ilə bağlı iddiaları rədd edərək, cümə günü İsrail qüvvələrini ora hücum etməkdə ittiham edib.

HƏMAS ABŞ, Böyük Britaniya, Avropa Birliyi və digərləri tərəfindən terror təşkilatı elan edilib. İsrail ordusu müntəzəm olaraq HƏMAS-ı müharibə boyu öz qüvvələrinə qarşı hücumlar üçün xəstəxanalardan komanda və idarəetmə mərkəzləri kimi istifadə etməkdə ittiham edir.

HƏMAS ittihamları rədd edib.

Qəzza müharibəsi HƏMAS-ın ötən ilin 7 oktyabrda İsrailə hücumu ilə başlayıb. AFP İsrail rəsmilərinin verdiyi məlumata əsaslanaraq xəbər verir ki, hücum nəticəsində əksəriyyəti mülki şəxslər olmaqla 1208 nəfər öldürülüb.

HƏMAS-ın idarə etdiyi ərazinin səhiyyə nazirliyinin məlumatına görə, İsrailin cavab olaraq başlatdığı hərbi kampaniya Qəzzada ən azı 45 436 nəfərin ölümünə səbəb olub, onların əksəriyyəti mülki şəxslərdir

Forum

XS
SM
MD
LG