Accessibility links

İsrail qüvvələri Qəzzanın şimalındakı xəstəxanaya basqın edib


17 dekabr, 2024.
17 dekabr, 2024.

Rəsmilər bildirir ki, İsrail qüvvələri cümə günü Qəzza zolağının şimal hissəsindəki üç tibb müəssisəsindən biri olan Kamal Advan xəstəxanasına basqın edərək, onun böyük hissəsini yandırıb, onlarla xəstəni və yüzlərlə başqa insanı tərk etməyə məcbur edib.

Qəzza Səhiyyə Nazirliyi şimalda yerləşən Beyt Lahiya şəhərindəki xəstəxananın əməkdaşları ilə əlaqəni itirdiyini bildirib.

"İşğal qüvvələri hazırda xəstəxananın içərisindədir və onu yandırırlar," Nazirliyin direktoru Munir əl-Burş açıqlamasında deyib.

İsrail ordusu xəstəxana yaxınlığında HƏMAS militantlarını hədəf almaq üçün əməliyyata başladığını bildirib. Ordu verdiyi açıqlamada xəstəxananın "terror təşkilatları üçün əsas istinadgaha çevrildiyini və terrorçu əməliyyatçılar üçün sığınacaq kimi istifadə edilməkdə davam etdiyini" bildirib.

2023-cü ilin oktyabrında İsrail və HƏMAS arasında müharibə başlayandan bəri İsrail ordusu tez-tez HƏMAS-ı öz qüvvələrinə qarşı hücumlar üçün xəstəxanalardan komanda və nəzarət mərkəzi kimi istifadə etməkdə ittiham edib. HƏMAS bu ittihamları rədd edib.

İsrail ordusu konkret təfərrüatlar vermədən, mülki şəxslərə dəyən zərəri azaltmağa çalışdığını və “əməliyyatdan əvvəl mülki şəxslərin, xəstələrin və tibb işçilərinin təhlükəsiz təxliyəsini asanlaşdırdığını” bildirib.

Xəstəxana həftələrdir İsrail qüvvələrinin sıx təzyiqi altındadır. Kamal Advan Xəstəxanasının direktoru Hossam Əbu Safiyeh bazar ertəsi verdiyi açıqlamada deyib ki, "Dünya xəstəxanamızın içəridəki insanları öldürmək və zorla köçürmək məqsədi ilə hədəf alındığını anlamalıdır."

Xəstəxana cümə axşamı beş işçisinin, o cümlədən bir pediatrın İsrailin zərbəsi nəticəsində həlak olduğunu elan edib. İsrail ordusu xəstəxanaya zərbə endirilməsindən xəbərsiz olduğunu və ölənlərlə bağlı xəbərlərin araşdırılacağını bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı xəstəxanadakı vəziyyəti "dəhşətli" olaraq xarakterizə edib və "minimum" səviyyədə fəaliyyət göstərdiyini bildirib.

HƏMAS İsrail qüvvələrinin cümə günü xəstəxanaya basqın etdiyini bildirib.

“İşğal ordusu Kamal Advan xəstəxanasına basqın edərək tibb işçilərini, xəstələri, yaralıları və məcburi köçkünləri təxliyyə etməyə məcbur edib,” – militant qrupun bəyanatında deyilir.

HƏMAS həmçinin İsrail qüvvələrini təxliyə edilənləri təcrid və həbs etməkdə ittiham edib. “HƏMAS işğalı xəstələrin, yaralıların və tibb işçilərinin rabitə əlaqəsi kəsildikdən, həbs olunduqdan və naməlum yerə aparıldıqdan sonra onların həyatına görə tam şəkildə cavabdeh tutur,” militant qrup əlavə edib.

Müharibəyə HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumu səbəb olub. İsrailin məlumatına görə, hücum zamanı 1200 nəfər öldürülüb, 251 nəfər girov götürülüb.

Bunun ardınca İsrailin Qəzzada HƏMAS-a qarşı apardığı kampaniya nəticəsində, ərazidəki səhiyyə rəsmilərinin məlumatına görə, 45,400-dən çox fələstinli öldürülüb. Səhiyyə Nazirliyinin məlumatına görə, 108 min nəfər də yaralanıb.

HƏMAS ABŞ, Britaniya və digər Qərb ölkələri tərəfindən terror qruplaşması kimi tanınıb.

Qəzzanın 2,3 milyonluq əhalisinin əksəriyyəti köçkün vəziyyətinə düşüb və aclıq təhlükəsi ilə üz-üzə qalıb. Anklavın özü xarabalığa çevrilib.

Forum

XS
SM
MD
LG