Keçən həftə İranın bir çox vilayəti, o cümlədən Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Həmədan, Fars, Rəzəvi Xorasan, Qum, Kirman və Əlburz vilayətlərində edam hökmləri icra edilib.
Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupu və HRA agentliyi sözügedən vilayətlərdə narkotik maddə qaçaqmalçılığı, qətl və silahlı soyğun ittihamlarından təqsirli bilinən 20-dən çox məhkumun asıldığına dair məlumatlar yayıblar.
IHR qəsdən adam öldüməkdən təqsirli bilinən Həbib Purnağı adlı bir məhkumun çərşənbə günü Təbrizin mərkəzi həbsxanasında asıldığını yazıb.
Hüquq müdafiə qurumunun bildirdiyinə görə, “Təbrizin bir kəndindən olan 52 yaşlı Həbib Purnağı 5 il əvvəl kənd təsərrüfatı ərazisində suvarma ixtilafları səbəbindən baş verən münaqişədə qətl törətmək ittihamı ilə həbs edilmişdi.”
Sadıq Cövhəri adlı başqa bir təbrizli bir neçə gün əvvəl Qəzvində edam edilib. 60 yaşlı Cövhəri narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar bir neçə il əvvəldən həbsdə saxlanılırdı.
Qəzvində eyni gündə Kərim Övladi adlı 35 yaşlı başqa bir məhkumun da asıldığı bildirilib.
IHR qrupu həmçinin Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərində 40 yaşlı bir kişinin edan hökmünün tətbiqi ilə bağlı məlumat yayıb. Qoşaçayda edam edilən şəxsin adı Ramin Kəbiri olaraq açıqlanıb. Kəbiri qəsdən adam öldürməkdən təqslirli bilindikdən sonra 3 ildən artıq idi həbsdə idi.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, İran qanunlarında qətl aktının dərəcələndirilməməsi səbəbilə niyyət, şiddət və şəraitə baxılmadan təqsirli bilinən bütün şəxslər ölüm cəzasına məhkum olunur.
Forum