Televiziya aparıcısı Azər Zahid (İsmayılov) və daha bir neçə "TikTok" istifadəçisinin saxlanıldığı bildirilir. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, onlar "TikTok" sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığın təbliği ilə məşğul olurlar.
Saxlanılanlar arasında "azerzahid6669966" adlı səhifənin idarəçisi Azər İsmayılov, "emin_resad" adlı "TikTok" səhifəsinin idarəçiləri Emin və Rəşad Abdullayev qardaşları və digərləri var.
"Vətəndaşların narazılığına səbəb olan hərəkətlər "emin_resad" və "azerzahid6669966" adlı istifadəçilər tərəfindən onların iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir", məlumatda bildirilir.
Saxlanılan şəxslərin özləri və ya yaxınlarının onlara qarşı irəli sürülən ittihamlara münasibəti məlum deyil.
Sosial media tədqiqatçısı Cavid Ağa Amerikanın Səsinə bildirib ki, istənilən sosial şəbəkələrdə kontent moderasiyası üçün xüsusi qanunlar var və bu qanunlar "aşağı-yuxarı" bütün platformalarda eynidir.
"Məsələn, narkomaniyanı təbliğ etmək olmaz, irqçi çıxışlar etmək olmaz və s. Buna görə də, bu qaydaları kimsə pozubsa adətən heç dövlət orqanlarına çatmamış sosial media platforması bu məsələ ilə məşğul olur. Amma hər sosial şəbəkəyə aid deyil. Məsələn, X (keçmiş Twitter) platforması Elon Maskın əlinə keçəndən sonra nifrət çağırışlarına icazə verdi. Məsələn, Böyük Britaniya hökuməti X-də məscid və sinaqoq yandırmağa çağıran gəncləri həbs etmişdi, çünki bu çağırışda konkret cinayət əməli var", o deyib.
Tədqiqatçı qeyd edib ki, Azərbaycandakı "TikTok" istifadəçilərinin isə hansı cinayət əməlinə görə saxlanıldığı məlum deyil.
"Nə Azərbaycan qanunvericiliyinə görə, nə də qlobal təcrübədə sırf 3-5 adamın xətrinə dəyən paylaşım etdiyi üçün heç kim həbs edilmir. Əlbəttə ki, Türkmənistan və Rusiya kimi ifadə azadlığına hörmət edilməyən ölkələr istisnadır" - deyə, o, qeyd edib.
Hüquqşünas Səməd Rəhimlinin sözlərinə görə isə, polisin hazırkı şərtlərdə hüquq pozuntusu ilə hərəkət etdiyini güman edir.
"Çünki "TikTok" daxil olmaqla sosial media ilə əlaqədar hüquqi tənzimləmələr Azərbaycan qanunvericiliyi çərçivəsində aydın və müəyyən deyil. Bu səbəbdən də polis orqanları daxil olmaqla bu sahədə səlahiyyətli olan hüquq mühafizə orqanları davamlı olaraq hüquq pozuntularına yol verirlər. İlk növbədə, bunu qeyd edim ki, "TikTok" çərçivəsində keçirilən əyləncə oyunları və onlara münasibətdə hədiyyələr verilməsi kommersial xarakterli ifadə azadlığıdır. Yəni, bu halda ifadə azadlığının subyektlərinin məqsədi bununla ilk növbədə gəlir əldə etməkdir. Cari pozitiv beynəlxalq insan hüquqları hüququna əsasən publik ifadə azadlığından (yəni, məqsədi ilk növbədə gəlir əldə etmək olmayan və ictimai debata töhfə verən) fərqli olaraq kommersial ifadə azadlığı formalarına (reklam, əyləncə oyunları və sair) dövlətlər daha çox məhdudiyyət qoymağa səlahiyyətlidir", o bildirib.
Hüquqşünasın sözlərinə görə, siyasətçinin, yaxud jurnalistin hakimiyyətə istiqamətlənən tənqidlərinin daha güclü ifadə azadlığı təminatları var, lakin kommersial, bu halda əyləncə oyunları tipində ifadə azadlığının təminatları daha zəifdir.
"Fəqət bunun üçün ilkin şərt budur ki, həmin məhdudiyyət tədbirləri ölkədaxili qanunvericiliyə uyğun olsun və həmin qanunvericiliklə nəzərdə tutulsun və eləcə də həmin qanunvericilik aydın və müəyyən olsun (yəni həmin qanunvericilik vətəndaşlara bəlli instruksiyalar verə bilsin). Qeyd etdiyim kimi Azərbaycanda sosial media ilə bağlı qanunvericilik mövcud olsa da, həmin qanunvericiliyin hüquqi keyfiyyəti bərbad vəziyyətdədir" - deyə, hüquqşünas qeyd edib.
Səməd Rəhimli hesab edir ki, həmin qanunvericiliyin praktikada tətbiqi də hüquq mühafizə orqanlarına özbaşnalıq etməyə şərait yaradır və bu baxımdan da praktika da ürəkaçan deyil.
"Belə olan halda "TikTok" istifadəçilərinin ictimai qayda və ictimai mənəviyyat əleyhinə inzibati xətalardan bir və ya bir neçəsini törətməsi (internet informasiya ehtiyatları qanunvericiliyin pozuntusu, uşaqların zərərli vərdişlərdən qorunması qanunvericiliyinin pozuntusu, xırda xuliqanlıq və sair) şübhəsi ilə tutulması və onlar barəsində görülə biləcək mümkün tədbirlər böyük ehtimalla həm Azərbaycan qanunvericiliyinə, də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq insan hüquqları hüququ ilə nəzərdə tutulan ifadə azadlığı standartlarına zidd olacaq", o deyib.
Azərbaycanda bundan öncə də müxtəlif zamanlarda "TikTok" istifadəçiləri saxlanılıblar.
Daxili İşlər Nazirliyi o zaman da bildirmişdi ki, onlar sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar etdikləri üçün 30 sutka müddətinə həbs olunublar.
Forum