Dekabrın 23-də "Keşlə bazarı"nda fəaliyyət göstərən satıcılar yanvarın 1-dən bazarın bağlanmasına etiraz olaraq aksiya keçirib. Satıcılar bazarın bağlanmasının mart ayına kimi təxirə salınmasını xahiş ediblər.
"Bizə əvvəlcədən xəbərdarlıq etməli idilər, indi bu boyda mallarımızı haraya aparaq?” aksiya iştiraçılarından biri deyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov Amerikanın Səsinə bildirib ki, bir qrup şəxsin avtomobil yolunu bağlama cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Hər hansı şəxs saxlanılmayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Keşlə bazarı"nın sökülməsini Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi işlərinin icrası ilə izah edib. Qurum artıq may ayından bazar rəhbərliyinə məsələ ilə bağlı xəbərdarlıq etdiyini vurğulayıb.
Agentliyin məlumatına görə, sözügedən bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, bazarda söküntü işlərinin başlanılması 2025-ci il fevralın 1-nə qədər təxirə salınıb.
Forum