Dekabrın 21-də Müsavat Partiyasının qərargahında mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis olunmuş mükafatın təqdimatı keçirilib. Mükafat hazırda həbsdə olan "III Respublika Platforması"nın spikeri Akif Qurbanova təqdim olunub.
Akif Qurbanov "Toplum Tv işi" üzrə 2024-cü ilin mart ayından həbsdə olduğu üçün, mükafatı "III Respublika Platforması"nın qurucu heyət üzvü Rövşən Ağayev qəbul edib.
"Mükafat Nərgiz xanımın onun cismani olaraq mübarizəsinin dayandığı yerdən mübarizə estafetini götürmüş şəxslərə verilir. Bu mükafatı cümhuriyyət və demokratik dəyərlər uğrunda yola çıxmış həm "III Respublika Platforması" adından, həm də Akif bəyin adından qəbul edirəm", deyə, Ağayev tədbirdə çıxış edərkən deyib.
Akif Qurbanov bu il martın 6-da "III Respublika Platforması" təsis ediləndən 3 ay sonra "Toplum TV işi" çərçivəsində "qaçaqmalçılıq" ittihamı ilə həbs edilib.
Bu iş üzrə "Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli, "Demokratik Təşəbbüslər İnstitutu"nun əməkdaşları Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahov da həbs edilib.
Akif Qurbanov da daxil olmaqla onların heç biri ittihamı qəbul etmirlər, hakimiyyətin siyasi sifarişi əsasında həbs edildiklərini bildirirlər.
Nərgiz Yaqublunun bacısı, ictimai fəal Nigar Həzi qeyd edib ki, müxtəlif zamanlarda atası Tofiq Yaqublu həbsdə olduğu üçün artıq üçüncü dəfədir təqdimatda iştirak edə bilmir:
"Tədbirə gələrkən Tofiq bəy həbsdən zəng etmişdi və həyəcanla tədbir barədə soruşurdu, mən də zarafatla dedim ki, təəssüf ki, tədbirə dəvət edəcəyimiz insanların yarısı səninlə birlikdə həbsdədir. Geridə qalanlar isə bu tədbirdə iştirak edəcəklər".
"Nərgiz" mükafatı 2015-ci ildə hepatit xəstəliyindən vəfat etmiş gənc ictimai fəal Nərgiz Yaqublunun xatirəsinə təsis edilib.
2015-ci ildə "Nərgiz" mükafatına gənc fəal İlkin Rüstəmzadəyə, 2016-cı ildə gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədova, 2017-ci ildə mükafat blogger Mehman Hüseynova, 2018-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı, 2019-cu ildə hüquq müdafiəçisi Oqtay Gülalıyevə, 2020-ci ildə vəkil Aqil Layıca, 2021-ci ildə eko aktivist Cavid Qaraya, 2022-ci ildə Müsavat Partiyasının fəalı Ayxan Hacıbəyliyə, 2023-cü ildə "Abzas Media"nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızına təqdim edilib.
Forum