Estoniyanın paytaxtında Avropanın 12 ölkəsinin nümayəndələrinin iştirak etdiyi Birləşmiş Ekspedisiya Qüvvələrinin (JEF) sammiti keçirilib. Sammit iştirakçıları gələn il Ukraynaya 12 milyard avro maliyyə yardımı ayırmağa razılaşıblar.
Tallində 12 Avropa ölkəsi Qərb sanksiyalarından yan keçərək neft nəql edən Rusiyanın “kölgə donanması” ilə mübarizəni gücləndirməklə bağlı razılığa gəlib. Yayımlanan bəyanatda deyildiyi kimi xammal satışından əldə edilən pul Kremlin döyüş maşınının maliyyələşdirilməsinə gedir.
İndi altı ölkə - Böyük Britaniya, Danimarka, İsveç, Polşa, Finlandiya və Estoniya Finlandiya körfəzi, Danimarka (Baltik) boğazlarından və La-Manş boğazından keçən şübhəli gəmilərdən sığorta sənədləri tələb edəcək. Alınan məlumatlara əsasən, müəyyən gəmilər sanksiyalar siyahısına daxil ediləcək.
"Biz Ukraynada müharibə aparmaq və demokratik ölkələrə zərər vermək üçün vəsait ödəyən pul qatarına bənzəyən Rusiyanın kölgə donanmasının fəaliyyətini məhdudlaşdırmaq üçün səylərimizi ikiqat artırmaq barədə razılıq əldə etmişik", Estoniyanın Baş naziri Kristen Miçal deyib.
Ukrayna xatırladıb ki, Rusiya gəmiləri təkcə maddi ziyana səbəb olmaqdan başqa ətraf mühitə də ziyan vurur.
Prezident Zelenskinin müraciətində deyilib ki, bu həftə sonu Kerç körfəzində yaşı yarım əsrə yaxın olan 2 neft tankeri batıb. Qara dənizə təxminən 4 min ton mazut tökülüb.
“Onlar ümumiyyətlə, xüsusən də akvatoriyanın bu hissəsində və bu mövsümdə istismar edilməməli idi. İndi dənizimiz Rusiyanın törətdiyi növbəti ekoloji fəlakətlə üz-üzədir. Sizin dənizlərdə daha böyük və daha təhlükəli rus tankerləri işləyir. Bu donanma dayandırılmalıdır. Bu, nəinki Rusiyanın müharibə maliyyələşdirməsini dayandıracaq, həm də təbiəti qoruyacaq. Mən sizi kölgə tanker donanmasının və digər Rusiya gəmilərinin, xüsusən də silah daşıyan gəmilərinin artıq Avropa sularında fəaliyyət göstərə bilməməsi üçün daha qətiyyətli tədbirlər görməyə çağırıram” - deyə, Zelenski bildirib.
Estoniyanın baş naziri Kristen Mixalın deyib ki, Ukrayna NATO-nun üzvü olmalıdır. Lakin o, heç bir zaman çərçivəsinin adını çəkməyib. Bununla yanaşı, Avropa vurğulayır ki, Rusiya təkcə Ukraynanı təhdid etmir. Ona görə də hərbi istehsalı artırmaq lazımdır.
“Biz bilirik ki, Rusiyanın imperiya ambisiyaları Ukraynadan, onların fəth etdiyi ərazilərdən kənara çıxır. Və biz bilirik ki, bu təcavüz gələcəkdə ya Ukraynaya, ya da NATO ərazisinə qayıdacaq, ona görə də müdafiəmizi daha da gücləndirməliyik”, Niderlandın müdafiə naziri Ruben Brekelmans bildirib.
Litva prezidenti Gitanas Nauseda hesab edir ki, bunun üçün bütün NATO-ya üzv ölkələr müdafiə xərclərini artırmalıdır. Onun fikrincə, əvvəllər təsdiq olunmuş minimum ÜDM-in 2%-i kifayət deyil.
“Yeni vəziyyəti, geosiyasi reallıqları nəzərə alaraq, biz xərcləri ÜDM-in ən azı üç faizinə qədər artırmalıyıq. Təbii ki, bu, Birləşmiş Ştatlar administrasiyasına da müsbət təsir göstərəcək və bizim üçün transatlantik əlaqələrin gücləndirilməsi çox vacib prioritetdir”, Nauseda vurğulayıb.
Avropalılar Ukraynaya sülhməramlıların göndərilməsi imkanlarını da müzakirə edib. Lakin hələlik bu məsələ ilə bağlı qərar verilməyib.
Finlandiya prezidenti Alexander Stubbın xatırladıb ki, bunun üçün BMT mandatı lazımdır. Buna görə də o, hələlik Kyivə hərbi yardımın artırılmasına diqqət yetirməyi təklif edib.
“Sülh danışıqları və atəşkəs haqqında çox danışılır, amma gəlin, əsas məsələyə diqqət yetirək. İlk növbədə Ukrayna bu müharibədə qalib gəlməlidir. Sülh və ya atəşkəs haqqında danışmağa başlamazdan əvvəl biz Ukraynanı dəstəkləməyə davam etməliyik və dəstək çox praktik olmalıdır. Əslində bunlar Ukraynanın döyüş meydanında bu müharibədə qalib gəlməsi üçün silah və sursatdır”, Stubb vurğulayıb.
Forum