Accessibility links

Ukraynanın ABŞ istehsalı raketlərlə Rusiyaya hücum etməsindən sonra Moskva Kyivə ballistik raket atıb


Cümə günü səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kyivə ballistik raket hücumu həyata keçirib. Rəsmilər hücum nəticəsində azı bir nəfərin öldüyünü, 9 nəfərin isə yaralandığını bildirib. Moskva hücumun Ukraynanın Amerika istehsalı silahlarından istifadə edərək Rusiya torpağına zərbə endirməsinə cavab olduğunu bildirib.

Səhər saatlarında Kyivdə azı üç güclü partlayış səsi eşidilib. Ukrayna Hərbi Hava Qüvvələri şəhərə atılan beş qısamənzilli "İskander" ballistik raketi zərərsizləşdirdiyini bildirib.

Hücum nəticəsində 630 yaşayış binası, 16 tibb müəssisəsi, 30 məktəb və uşaq bağçasının isidilməsi dayandırılıb. Şəhər administrasiyası bildirib ki, raket qalıqları dağıntılara və üç rayonda yanğınlara səbəb olub.

"Vətəndaşlardan ballistik hücum təhlükəsi ilə bağlı xəbərlərə dərhal reaksiya vermələrini xahiş edirik, çünki sığınacaq tapmaq üçün çox az vaxt var" deyə Hərbi Hava Qüvvələri bildirib.

Müharibə başlayandan bəri təxminən üç il ərzində Rusiya müntəzəm olaraq Ukraynanın mülki ərazilərini bombalayır. Hücumlar zamanı tez-tez elektrik şəbəkəsi hədəfə alınır. Bu arada isə Rusiyanın daha böyük ordusunu cəbhə xəttindən uzaqda saxlamaq üçün mübarizə aparan Ukrayna, Rusiyanın müharibə səylərini dəstəkləyən infrastrukturuna zərbələr endirməyə cəhd edib.

Rusiya Müdafiə Nazirliyi zərbənin iki gün əvvəl Rusiyanın Rostov sərhəd bölgəsinə Ukraynanın raket hücumuna cavab olduğunu bildirib. Hücumlarda ATACMS kimi tanınan altı Amerika istehsalı Ordu Taktik Raket Sistemi, raketlər və Birləşmiş Krallıq tərəfindən təmin edilən dörd "Storm Shadow" - havadan buraxılan raketlərdən istifadə edildiyi bildirilib.

Həmin gün Ukrayna Rusiyanın müharibə səylərini dəstəkləyən infrastrukturuna zərbələr endirmək kampaniyasının bir hissəsi olaraq Rostov neft emalı zavodunu hədəf aldığını iddia edib.

Forum

XS
SM
MD
LG