2024-cü ildə Rusiyanın Ukraynada apardığı müharibədə durğunluq nöqtəsinə yaxın bir vəziyyət yaranmışdı. Rusiya qüvvələri irəliləyir, Ukrayna qüvvələrinin isə əks-hücumları zəifləyirdi. Qabaqcıl hərbi texnologiyaya yaxşı uyğunlaşan hər iki tərəf hər cəhdlə irəliləyişə nail olmaq uğrunda mübarizə apararaq, eyni zamanda diqqəti mümkün sülh danışıqlarına yönəltməyə çalışırdı. Ukrayna danışıqlarda mövqeyini gücləndirmək üçün Rusiya ərazisinə hücumlara başladı və hakimiyyətə gələcək yeni Tramp administrasiyası dövründə ABŞ-ın dəstəyinin zəifləyə biləcəyi ehtimalına baxmayaraq, yenilənmiş diplomatiyanın sülhə yol aça biləcəyinə ümidlər qalmaqdadır. Amerikanın Səsinin Şərqi Avropa bürosunun rəhbəri Miroslava Qonqadzenin məlumatını təqdim edirik.
Bu il Ukrayna qüvvələrinin Xerson və Xarkivdə əraziləri geri almasından sonra nikbinliklə başladı. Lakin bu optimizm Ukraynada məyusluqla əvəz oldu.
Ümidlər Qərbin yavaş gələn hərbi yardımının vaxtında çatdırılması ilə bağlı idi.
Bayden administrasiyası tərəfindən təklif edilən 60 milyard dollarlıq hərbi yardım paketi Konqresdə təxirə salındı və yalnız 2024-cü ilin aprelində qəbul edildi.
Rekord sayda itkilərə baxmayaraq, Rusiya irəliləyərək, Ukraynanın şərqində təxminən 2700 kvadrat kilometr ərazini ələ keçirdi. Eyni zamanda, Ukrayna ilk dəfə Rusiyanın Kursk vilayətinə daxil olaraq, Rusiyanın 1200 kvadrat kilometrdən çox ərazisini və 93 kəndi ələ keçirdi.
Avropa Təhlil Mərkəzinin eksperti Mark Voyger: “Ukrayna sadəcə olaraq 2023-cü ildə əldə etdiyi heyrətamiz hücum sürətini və ya impulsu saxlaya bilmədi. Qərb daha çox şey etməli idi”.
Ukrayna prezidenti Volodimir Zelenski İsveçrədə 101 ölkə və təşkilatın nümayəndələrinin bir araya gəldiyi Ukrayna Sülh Sammitini keçirdi.
Ukrayna prezidenti Volodimir Zelenski: “Ukrayna həmişə diplomatiyanın gücünə inanıb. Müharibə bizim seçimimiz deyil. Bu, Putinin seçimidir. Biz real sülhə doğru irəliləməyə başlamaq üçün əlimizdən gələni edəcəyik”.
Rusiya konfransa qatılmadı və durğunluq davam etdi.
Ukraynalılar Donald Trampın prezident seçkilərində qələbəsini mühüm dönüş nöqtəsi kimi qiymətləndirirlər. Bəziləri qorxur ki, Trampın seçki kampaniyası zamanı müharibəni tez bitirmək vədləri və onun dərhal atəşkəsə dair son çağırışları Ukraynanın həddən artıq güzəştə getməyə məcbur olması demək ola bilır.
Frontier Institute təşkilatının həmtəsisçisi və direktoru Yevgeni Qlibovitski: “Bu, ABŞ-Ukrayna münasibətlərinə daha çox transaksiya xarakteri verəcək və ABŞ-ın xarici siyasətinin ABŞ-Ukrayna münasibətləri baxımından faydalı ola biləcək şəkildə daha çox “sıfır toplumlu oyun”a əsaslanacaq”.
Ukraynada Qərbdən konkret təhlükəsizlik qarantiyaları olmasa, davamlı sülhə nail olmağın çətin olacağı ilə bağlı narahatlıq var.
Avropa Təhlil Mərkəzinin eksperti Mark Voyger: “İdeal həll Ukraynanın suverenliyinin tam bərpasıdır. Ancaq bu mərhələdə, xüsusən də qarşıdan gələn qış aylarında hətta sırf fiziki mənada belə, bu, çətindir. Mümkün olan şey mümkün qədər çox ərazini qorumaq və Ukraynanın NATO və Avropa İttifaqına doğru yolunu davam etdirməsini tələb etmək olardı”.
Müharibədən yorğunluq 2024-cü ildə Qərbin yüksək inflyasiya və Ukraynada müharibə və Rusiyadan enerji ixracına tətbiq edilən sanksiyalar səbəbilə iqtisadi tənəzzüllə qarşılaşdığı vaxt artıb.
Döyüşən tərəflər arasında da yorğunluq əlamətləri artdı; Rusiya döyüşlərdə iştirak üçün Şimali Koreya qüvvələrini cəlb etdi, Ukrayna ordusunda isə fərarilik hallarının sayı yüksəldi.
Kyiv danışıqlara açıq olduğunu bildirsə də, Moskva hələlik müharibəni dayandırmaq üçün qətiyyət nümayiş etdirməyib.
Forum