Accessibility links

Hüquq müdafiəçisi İlhamiz Quliyevin həbsxanada pis rəftara məruz qaldığı bildirilir


İlhamiz Quliyev
İlhamiz Quliyev

Dekabrın 20-də 3 il müddətinə azadlıqdan məhrum edilən hüquq müdafiəçisi İlhamiz Quliyevin həbsxanada pis rəftara məruz qaldığı bildirilir. Bu barədə onun yaxınları məlumat veriblər:

"Umbakı qəsəbəsində yerləşən Penitensiar kompleksdə saxlanılan İlhamiz telefonla zəng edərək "burada mənə qarşı zorakılıq və təhdidlər var" deyib, daha sonra onunla telefon bağlantısı kəsilib. Haqsız yerə ömründən 3 il oğurlamaqları bəs deyil, hələ bir zorakılıq da göstərirlər".

Yaxınlarının sözlərinə görə, məsələni ictimailəşdirəndən bir neçə saat sonra hüquq müdafiəçisi onlara yenidən zəng edib və Umbakı Penitensiar kompleksindəki saxlanılma şəraiti, həmçinin pis rəftardan narazı olduğunu deyib

"Bildirdi ki, saxlanıldıqları yerdə istilik sistemi olsa da, elə bir minimum həddədir ki, məhbuslar gödəkçə ilə yatırlar, amma yenə də soyuqdan qoruna bilmirlər. Məhbuslar bütün gün və gecə ərzində mütəmadi soyuqdan əziyyət çəkirlər. Gətirilən sovqatlar elə bir hala salınır ki, yemək mümkün olmur. İlhamiz vəkilinə zəng etmək hüququndan da məhrumdur. Soyuqda paltarsız dəqiqələrlə ayaq üstə durmağın qəbulolunmaz olduğunu deyəndə isə, mayor Ramin Əkbərov tərəfindən təhdid edilib. İlhamizin anası artıq Ədliyyə Nazirliyinə və Ombudsmana müraciət edib", deyə, Quliyevin yaxınları bildirib.

Məsələ ilə bağlı hələlik Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

Ötən il Umbakı Penitensiar kompleksinin açılışı ilə bağlı keçirilən tədbirdə kompleksin beynəlxalq standartlara uyğun inşa olunduğu, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkədə ədliyyə sisteminin müasirləşdirilməsi ilə bağlı aparılan islahatlar çərçivəsində penitensiar xidmətin fəaliyyətinin təkmilləşdirildiyi, cəza siyasətinin humanistləşdirildiyi, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görüldüyü bildirilib.

İlhamiz Quliyev 2023-cü ilin dekabrın 4-də həbs olunub və Cinayət Məcəlləsinin 234.4.3-cü (Kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunub.

Bu ilin dekabrın 12-də isə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda satış məqsədi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, istehsal etmə, emal etmə, daşıma) maddəsi ilə tövsif edilib.

Daha öncə isə dövlət ittihamçısı çıxışında İlhamiz Quliyevin 7 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Məhkəmənin qərarı ilə hüquq müdafiəçisi 3 il azadlıqdan məhrum edilib.

Yaxınlarının sözlərinə görə o, saxlanılarkən zorakılığa məruz qalıb. Hüquq müdafiəçilərinin fikrincə, həbsin səbəbi Quliyevin "Abzas Media"ya verdiyi müsahibədir. O, siyasi fəalları təqib etmək üçün polisin "sənədləşdirilməmiş narkotik maddələrdən" istifadə etməsindən danışıb.

Daxili İşlər Nazirliyi ittiham edilən şəxslərin belə iddialarının özünü müdafiə xarakteri daşıdığını bildirir.

Forum

XS
SM
MD
LG