Accessibility links

Xəzər dənizində nərə cinsli balıqların ovuna 2025-ci ilin sonunadək qadağa qoyulub


Xəzəryanı ölkələr nərə balığı növlərinin kommersiya məqsədli ovlanmasına qoyulan qadağanın 2025-ci ilin sonunadək uzadılması və 2025-ci il üçün nərə balıqlarının kürüsü və əti üçün ixrac kvotalarının müəyyən edilməməsi barədə razılığa gəlib. Gələn il də nərə balıqlarının ovu əvvəlki kimi, yalnız elmi tədqiqat və süni çoxalma məqsədləri üçün həyata keçiriləcək.

Bu barədə Rusiya Federal Balıqçılıq Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki. Rusiyanın Həştərxan şəhərində Xəzər dənizinin su bioloji ehtiyatlarının mühafizəsi, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın 8-ci iclasında bu barədə razılıq əldə edilib. İclasda Xəzəryanı dövlətlərin hamısı - Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın nümayəndələri iştirak edib.

İclasda bildirilib ki, 2023-cü ildə Rusiya müəssisələri - 34,5 milyon, Qazaxıstan - 1,9 milyon, Azərbaycanlı - 618,7 min ədəd nərə cinsli balıq körpəsini Xəzərə buraxıb.

Xatırladaq ki, balıq ehtiyatlarını qorumaq üçün Xəzəryanı ölkələr balıqların mühafizəsi və süni çoxalma tədbirlərini sinxronlaşdırır.

2025-ci il yanvarın 1-dən Xəzər Komissiyasına sədrlik rotasiya yolu ilə Türkmənistana keçir.

10 il əvvəl, 2014-cü il sentyabrın 29-da Həştərxanda Xəzəryanı dövlətlərin prezidentləri Xəzər dənizinin su bioresurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında Saziş imzalayıb. Sazişə əsasən Xəzər dənizinin su bioloji ehtiyatlarından istifadə və onların birgə ehtiyatlarının idarə edilməsini nəzərdə tutan komissiya yaradılıb.

Forum

XS
SM
MD
LG