Accessibility links

Cənubi Koreya parlamenti hərbi vəziyyət elan etmək cəhdinə görə prezidentin impiçmentinə səs verib


Cənubi Koreya qanunvericiləri Prezident Yun Suk Yeolu ölkədə hərbi vəziyyət elan etmək cəhdi səbəbilə impiç ediblər. Bu qərar daha sonra hakimlər tərəfindən təsdiq olunmalıdır.

Şənbə günü keçirilən səsvermədə 12 mühafizəkar qanunverici müxalif qüvvələrə qoşularaq, beş illik vəzifə müddətinin yarısında olan Yunu impiç etməyə səs verib. İmpiçment səbəbilə Konstitusiya Məhkəməsi onu rəsmi olaraq vəzifədən uzaqlaşdırıb-uzaqlaşdırmamağa qərar verənə qədər Yunun səlahiyyətləri dayandırılır.

Bu müddətdə müvəqqəti olaraq prezident vəzifəsini Baş nazir Han Dak-su icra edəcək.

Səsvermədən dəqiqələr öncə Yunun hakim Xalqın Gücü Partiyası impiçmentə qarşı olduğunu elan edib, amma üzvlərinin azad bir şəkildə səs vermələrinə imkan verib. Ancaq ötən həftə partiya səsverməni boykot etmişdi. Bu qərar və səsvermənin gizli keçirilməsi vəziyyəti Yunun əleyhinə çevirib.

Yekun səsvermə nəticəsi 204 impiçent lehinə, 85 əleyhinə olub.

Milli Assambleya qarşısında yüz minlərlə insandan ibarət izdiham bayram edib.

"Dünya vətəndaşları, xahiş edirik izləyin və öyrənin. Biz demokratiyamızı belə xilas edirik," Koreya Milli Birlik İnstitutunun əməkdaşı Li Sanq-sin deyib.

Yun dekabrın 3-də hərbi vəziyyət elan edib – ki, bu, Cənubi Koreya 1980-ci illərdə demokratiya olandan bəri ilk belə qərardır – amma qanunvericilər bir neçə saat sonra bu qərarı ləğv edib.

Yun impiçmentdən sonra sərt tonla çıxış edərək, impiçmentinin onun prezidentliyində sadəcə bir fasilə olduğunu təkid edib.

"Hələlik dayansam da, son 2 il yardımda insanlarla birlikdə gələcəyə doğru getdiyim yol heç vaxt bitməməlidir. Mən heç vaxt təslim olmayacam," Yin deyib.

Yun atdığı addımın hüquqi cəhətdən əsası olduğunu və onun, Şimali Koreyaya rəğbət bəsləməkdə və gündəminə mane olmaqda günahlandırdığı müxalif qanunvericilərə “güclü mesaj” göndərmək üçün lazım olduğunu deyib. O həmçinin ifrat sağın apreldə keçirilən seçkinin saxta olduğuna dair iddialarını təkrarlayıb.

Konstitusiya Məhkəməsinin Yunun impiçmenti ilə bağlı qərar verməsi üçün 180 günü var, amma prosesdə qeyri-adi dərəcədə qeyri-müəyyənlik mövcuddur. Adətən impiçmentin qüvvədə qalması üçün məhkəmənin doqquz hakimindən altısının səs verməsinə ehtiyac olur. Amma, oktyabr ayından bəri məhkəmədəki üç hakimin yeri boş olduğuna görə, Yunun vəzifədən kənarlaşdırılması üçün geridə qalan altı hakimin hamısı bunun lehinə səs verməlidir.

Seulda yerləşən Troy Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Daniel Pinkston, məhkəmənin impiçmenti təsdiqləyəcəyinə inandığını söyləyib.

Məhkəmə impiçmenti təsdiq etsə, Cənubi Koreya 60 gün ərzində prezident seçkiləri keçirməlidir. Məhkəmə Yuna bəraət qazandırsa, o, vəzifəsinə qayıdacaq. Ancaq lakin yenə də hərbi vəziyyət elan etmək cəhdi ilə əlaqədar ona qarşı rəsmi ittihamlar irəli sürülə bilər.

Forum

XS
SM
MD
LG