Dekabrın 13-də Bakı Apellyasiya Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində çıxarılan həbs qərarından verilən apellyasiya şikayətini təmin etməyib.
Bu barədə Amerikanın Səsinə vəkil Fəxrəddin Mehdiyev bildirib.
Onun sözlərinə görə, məhkəmə siyasi şərhçinin həbs edilməsi barədə Yasamal Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Vəkil qeyd edib ki, Azər Qasımlı ittihamı qəbul etmir və məhkəmədə saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
“Ümumiyyətlə həbs qətimkan tədbiri müstəsna hallarda tətbiq olunur. O halda tətbiq olunur ki, bunun hüquqi əsası olsun. Burada hüquqi əsasdan söhbət gedə bilməz”, o bildirib.
Öz növbəsində Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı deyib ki, bu şikayətdən əslində heç bir gözləntisi yox idi:
"Bu, sadəcə prosedurdur. Ssenari necə cızılıbsa, sifarişlər elə də həyata keçirilir. Azər Qasımlının həbsi ilə bağlı sifariş çoxdan verilmişdi və həyata keçirildi. Azər Qasımlı həqiqətləri dediyinə görə cəmiyyətdən təcrid olundu", Samirə Qasımlı qeyd edib.
Bu açıqlamaya, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma, Rəsmi Bakı ölkədə siyasi sifarişli həbslərin olması ilə bağlı fikirləri qəbul etmir.
Dekabrın 8-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə şübhəli şəxs qismində saxlanılıb.
“Azər Qasımlıya borclu olan bir şəxs var. Məhkəmələri Qasımlı udmuşdu. İndi həmin adamı çağırıblar, guya Azər Qasımlı ondan hədə-qorxu ilə pul tələb edib”, vəkil Aqil Layıc Amerikanın Səsinə deyib.
Dekabrın 8-də Azər Qasımlı 9 yaşlı uşağını idman məşqindən götürən zaman saxlanılıb.
Bundan öncə, noyabrın 25-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Bakı şəhər Baş Polis İdarəsində şahiq qismində dindirilib. O, üç saat yarımdan sonra sərbəst buraxılıb.
Qasımlı saxlanılan zaman rəhbərlik etdiyi Siyasi Menecment İnstitutunun fəaliyyəti barədə xeyli suallar verildiyini deyib.
Forum