Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) dekabrın 12-də Azərbaycanla bağlı iki qərardad elan edib. Şəxsi həyata hörmət hüququnun pozuntusunun mübahisələndirildiyi hər iki işdə tərəflər dostca razılaşıblar. Hökumət ərizəçilərə təzminat ödəyəcək.
“Elçin Sadıqov və Zibeydə Sadıqova Azərbaycana qarşı” məhkəmə işi insan hüquqlarının müdafiəsi, o cümlədən Avropa Məhkəməsi qarşısında Azərbaycan vətəndaşlarının işini müdafiə etməklə tanınan vəkillərin evlərində, ofislərində və avtomobillərində hüquq mühafizə orqanlarının əməkdaşlarının axtarış aparması və götürmə həyata keçirməsi ilə bağlı idi.
Ərizəçilər bu proseslərin onların şəxsi həyata hörmət hüququna müdaxilələrlə müşayiət olunduğunu iddia edirdilər.
AİHM bu gün tərəflərin kommunikasiya zamanı dostca razılaşma əldə etdiklərini açıqlayıb. Razılaşmaya əsasən, hökumət ərizəçilərin hər birinə 5 min avro maddi, mənəvi və xərclər əvəzi ödəmək öhdəliyi götürüb.
Strasburq məhkəməsi bu gün açıqladığı digər bir qərardadında “Ayven Şamuradov Azərbaycana qarşı” işində də tərəflərin dostca razılaşma əldə etdiklərini açıqlayıb.
Bu məhkəmə işində ərizəçinin təcridxanada saxlanıldığı müddətdə ailəsi və xarici dünya ilə görüş və telefon danışıqları hüququna prokurorluq orqanları tərəfindən qoyulan məhdudiyyətlərlə bağlı şikayət etmişdi. Şamuradov AİHM qarşısında Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə qorunan şəxsi həyata hörmət hüququnun pozulduğunu iddia edirdi.
İşin kommunikasiyası zamanı əldə edilən razılaşmaya əsasən, hökumət vəkil Cavad Cavadovun təmsil etdiyi ərizəçiyə 5 min avro təzminat ödəyəcək.
Forum