Accessibility links

Möhyəddin Orucovun növbəti məhkəmə prosesi keçirilib


İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucov
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucov

Dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə ittiham aktı səsləndirilib, daha sonra fəalın ifadəsi dinlənilib. Orucov bildirib ki, o, işlədiyi yerdə işçilərin istismar olunması ilə bağlı işçi haqlarını müdafiə etdiyi, həmçinin bu məsələni ictimailəşdirdiyi üçün şərlənərək həbs olunub.

Fəalın vəkili Nazim Musayevin sözlərinə görə, artıq məhkəmə istintaqı başlayıb, ondan öncə isə məhkəməyə bir neçə vəsatət verilib.

“Vəsatətlər sübutların təqdim edilməsi ilə bağlı oldu. Möhyəddin ifadəsini sona qədər verə bilmədi, növbəti məhkəmədə ifadəsini davam edəcək. Məhkəmənin iş saatı başa çatırdı deyə, onun ifadəsi yarımçıq qaldı”, vəkil bildirib.

Növbəti məhkəmə prosesi dekabrın 17-ə təyin olunub.

Möhyəddin Orucov ötən il dekabrın 13-də saxlanılıb.

Suraxanı Rayon Məhkəməsi Möhyəddin Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib. Bundan əvvəl də ictimai fəal 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası almışdı.

O, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirib. Həmin dövrdə Möhyəddin Orucov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs cəzası alıb və 200 manat cərimə olunub.

İşçi Masasının sədri Afiəddin Məmmədov ötən il sentyabrın 20-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham olunurdusa, indi Məmməddov Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur. İttihamlar sübut olunarsa Məmmədovu 6 ildən 11 ilədək həbs gözləyir.

İşçi Masasının İdarə Heyəti üzvü Ayxan İsrafilov isə ötən ilin avqust ayında həbs olunub. Avqustun 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilıb. Ayxan İsrafilov Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bu ilin aprel ayında məhkəmənin qərarı ilə Ayxan İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Yanvar ayında İşçi Masasının digər üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

2023-cü ilin avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb. Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib. Elvin Mustafayev aksiyanın təşkilatçılarından biri olub.

Fəallar ittihamları qəbul etmir və həbslərini siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.

Forum

XS
SM
MD
LG