Sənətçi və repçi Rza Təbrizlinin bir müddət əvvəl İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığı bildirilib.
İran Həbsxanalarının Atlası adlı hüquq müdafiə qurumunun bildirdiyinə görə, ailəsinin bu yaxınlarda həbs edilmiş sənətçi haqqında dəqiq məlumatı yoxdur.
Təbriz sakini olan sənətçi ifa etdiyi mahnılarda türk dilində təhsil hüququ, Urmiyə gölü məsələsi və digər mill-mədəni məzmunlara yer verib.
“Rza Təbrizli türk dilində etiraz mahnılarının ifaçısıdır. O, indiyədək bir neçə albom və mahnı buraxıb. Onun ictimai-siyasi mövzulardan bəhs etdiyi ən məşhur əsərlərindən biri ‘Vətən’ adlı albomdur,” İrandakı siyasi məhbusların məlumat bazası olan hüquq müdafiə qurumu bildirib.
İran təhlükəsizlik qüvvələri Təbrizdə keçən ilin noyabr ayında da digər rep müğənnisi Milad Cəlilini nəzarət altına almışdılar.
Cəlili daha sonra “pan-türkist məhkumlar üçün mahnı söyləmək səbəbilə” İslam Respublikası nizamnına qarşı təbliğat fəaliyyəti göstərmək ittihamından təqsirli bilinərək 8 aylıq həbs cəzasına məhkum edilmişdi. Sənətçi həbs cəzasının bir müddətini çəkdikdən sonra mülki zəmanət qarşılığında elektron qandalla şərti azadlığa buraxılıb.
Forum