Minlərlə suriyalı üsyançı şənbə günü Hələb şəhərinin əksər qisminə nəzarəti ələ keçirərək şəhər və aeroportda mövqe tutduqdan sonra hücum əməliyyatını yaxınlıqdakı vilayətə genişləndiriblər. Döyüşçülərin və fəalların dediklərinə görə, onlara qarşı müqavimət cüzi yaxud da heç olmayıb.
Suriya İnsan Haqları Müşahidə qrupu Həyat Təhrir əl-Şam qruplaşmasına məxsus üsyançıların Hələb Beynəlxalq Aeroportunu ələ keçirdiklərini xəbər verib. Bununla, ilk dəfədir ki, üsyançılar beynəlxalq aeroporta nəzarət edirlər.
Suriya prezidenti Bəşar əl-Əsədə sadiq hökumət qüvvələrindən müqavimətlə üzləşməyən minlərlə döyüşçü şimali Həma vilayətində çox sayda kəndləri və qəsəbələri ələ keçirib. Sonuncu dəfə müxalifət qüvvələri onları Həma vlayətindən 2016-cı ildə çıxarmışdı. Şənbə günü üsyançılar Həma şəhərinə daxil olduqlarını iddia ediblər.
Sürpriz hücum əməliyyatı Əsədin qüvvələrinin döyüş hazırlığını sual altına qoyub. Belə görünür ki, üsyançılar illər boyu bu əməliyyatı planlaşdırmış və Əsədin müttəfiqlərinin başı öz münaqişələrinə qarışdığı bir vaxtda ona start vermişlər.
Suriya müxalifət qüvvələrinin əsas himayədarı olan Türkiyə diplomatik səylərin hökumət qüvvələrinin üsyançıarın nəzarətinə olan məntəqələrə hücumunu dayandırmadığını bildirərək bu hücumların Rusiya, İran, və Türkiyə tərəfindən razılaşdırılmış de-eskalasiya razılığına zidd olduğunu bildirib.
Türkiyə təhlükəsizlik rəsmiləri üsyançıların məhdud hücum əməliyyatının hökumət hücumlarına son qoymağa və vətəndaşların öz yurdlarına qayıda bilməsi üzçün zəmin yaratmağa xidmət etdiyini bildirib. Lakin Suriya hökumət qüvvələrinin sürətlə geri çəkilməsindən sonra hücum əməliyyatı genişləndirilib.
Hələb şəhərində məktəblər və inzibati idarələr bağlı, ancaq çörək dükanları açıq qalıb. Yerli sakinlərin əksəriyyəti evlərinə sığınaraq küçəyə çıxmaqdan çəkiniblər.
Üsyançılar şəhərdə sabitliyi təmin etmək üçün küçələrdə təhlükəsizlik qüvvələri yerləşdiriblər.
Suriya dövlət televiziyasında şərhçilər ordu ehtiyatlarının və Rusiyanın köməyi ilə "terrorçu qrupların" dəf ediləcəyini bildirərək, Türkiyəni üsyançıların Hələb və İdlib vilayətlərindəki əməliyyatlarına görə qınayıblar.
Forum