Accessibility links

Gürcüstanda Aİ tərəfdarı etirazlar davam edir, daha 107 nəfər həbs edilib


Tbilisi, Gürcüstan. 30 noyabr, 2024.
Tbilisi, Gürcüstan. 30 noyabr, 2024.

Gürcüstan şənbə günü hüquq-mühafizə orqanlarının hökumətin ölkənin Aİ-yə üzvlük danışıqlarını təxirə salmasına dair qərarından sonra başlayan etirazların ikinci günündə 107 nəfəri həbs etdiyini bildirib.

Qara dəniz sahilində yerləşən ölkə hakim "Gürcü Arzusu" partiyasının oktyabrın 26-da keçirilən parlament seçkilərində qalib gəldiyini bəyan etməsindən bəri çaxnaşma yaşanır. Avropa İttifaqı tərəfdarı müxalifət həmin seçkinin saxta olduğunu bildirib.

Daxili İşlər Nazirliyi 107 nəfərin “polisin qanuni əmrinə tabe olmamaq və xırda xuliqanlıq” ittihamı ilə saxlanıldığını bildirib.

“Gecə boyu... etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar, o cümlədən daş, pirotexniki vasitələr, şüşə butulkalar və metal əşyalar atıblar,” məlumatda bildirilib və əlavə olunub ki, “Daxili İşlər Nazirliyinin 10 əməkdaşı yaralanıb.”

Nazirlik daha əvvəl cümə axşamı günü 32 polis əməkdaşının yaralandığını və 43 etirazçının saxlandığını bildirmişdi.

Baş nazir İrakli Kobaxidzenin cümə axşamı Gürcüstanın Avropa İttifaqı ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər təxirə salacağına dair açıqlaması müxalifətin qəzəbli reaksiyasına və iki gündür davam edən etirazlara səbəb olub.

O daha sonra müxalifəti və Aİ-nin Gürcüstandakı səfirini onun sözlərini təhrif etməkdə ittiham edib. O, “2030-cu ilə qədər” bloka üzv olmağın onun “əsas prioriteti” olaraq qaldığını təkid edib.

‘Müqavimət hərəkatı’

Cümə günü AFP müxbirləri çevik polisin Tbilisidə parlamentin qarşısında toplaşan Avropa İttifaqı tərəfdarı etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə etdiyini atəş görüblər. Etirazçılar isə onlara yumurta və fişəng atıb.

Daha sonra etirazçılarla parlamentin qarşısındakı ərazini təmizləmək üçün əraziyə daxil olan polis arasında qarşıdurma baş verib. Polis bəziləri onlara əşya atan nümayişçiləri döyüb.

Müstəqil “Pirveli” telekanalı jurnalistlərdən birinin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildiyini bildirib.

Müstəqil televiziya kanalı olan Mtavari xəbər verir ki, cümə günü Gürcüstanın digər şəhərlərində də etiraz aksiyaları keçirilib.

Qərbyönlü müxalifət partiyaları yeni parlamenti boykot edir, prezident Salome Zurabişvili isə ölkənin konstitusiya məhkəməsi vasitəsilə seçkinin nəticələrini ləğv etməyə çalışır.

Cümə günü axşam televiziya ilə xalqa müraciətində qərbyönlü prezident “Müqavimət hərəkatı başlayıb... Mən onunla həmrəyəm. Biz Gürcüstan öz məqsədlərinə çatana: öz Avropa yoluna qayıdana, yeni seçkilərin keçirlməsini təmin edənə qədər birlik olacağıq” deyib.

‘Qəddar repressiya’

Oktyabrda keçirilən səsvermədən sonra Gürcüstanın bir qrup aparıcı seçki müşahidəçisi onlarda irimiqyaslı seçki saxtakarlığının olduğuna dair sübutların olduğunu bildirib.

Brüssel seçki müşahidəçiləri tərəfindən bildirilən “ciddi qanun pozuntuları”nın araşdırılmasını tələb edib.

Müxalif etirazçılar ciddi legitimlik böhranı ilə üzləşən parlamenti boykot etdiyi bir vaxtda, “Gürcü arzusu”nun deputatları cümə axşamı yekdilliklə Kobaxidzenin baş nazir postunu davam etdirməsinə səs veriblər.

“Polisin Tbilisidəki hərəkətləri dinc toplaşmaq hüququna qarşı növbəti cəza hücumununun göstəricisidir,” Amnesty International bildirib.

Fransa, Britaniya, Ukrayna, Polşa, İsveç və Litva narahatlıqlarını ifadə edən ölkələr arasındadır.

Avropa Şurası baş verənləri pisləyərək, bunu “qəddar repressiya” kimi qiymətləndirib və Gürcüstanı “Avropa dəyərlərinə sadiq qalmağa” çağırıb.

Son illərdə tənqidçilər on ildən artıqdır hakimiyyətdə olan “Gürcü arzusu”nu ölkəni Avropadan uzaqlaşdıraraq, Rusiyaya yaxınlaşdırmaqda ittiham ediblər.

Forum

XS
SM
MD
LG