Avropa Parlamenti noyabrın 28-də İranda qadınlara qarşı “sistematik şəkildə artan repressiyaları” pisləyən qətnamə qəbul edib.
Qətnamədə qadınların əsassız həbsləri, habelə noyabrın 2-də Tehran Universitetinin həyətində etiraz olaraq paltarını çıxaran gənc qadının saxlanılması, onun “ruhi xəstə” elan edilərək psixiatrik xəstəxanaya yerləşdirilməsi pislənilir.
“[Avropa Parlamenti] hesab edir ki, siyasi müxalif qadınların psixiatrik təcrid yolu ilə repressiya edilməsi işgəncə aktıdır”, sənəddə vurğulanır.
Cümə axşamı səsverməyə çıxarılan qətnamə layihəsi 562 səs lehinə, 2 səs əleyhinə olmaqla qəbul edilib. 30 deputat bitərəf qalıb.
Parlament İran hakimiyyətini qadınlara və qızlara qarşı ayrı-seçkilik edən bütün qanunvericiliyi ləğv etməyə, “əxlaq polisi” və digər repressiv qurumları təcili olaraq ləğv etməyə çağırıb.
Bununla yanaşı, qətnamədə qadın hüquqları müdafiəçilərinin, özbaşına həbslərin qurbanı olan qadınların, o cümlədən Bəhai dini inancına mənsub qadınların azad edilməsinə çağırılır.
Avropa Parlamenti daha əvvəl qəbul etdiyi qətnamələrində də İranı Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi də daxil olmaqla, həbsdə olan hüquq müdafiəçilərinin dərhal azadlığa buraxılmasına çağırıb.
Avropalı parlamentarlar həmçinin İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınmasına dair çağırışlarını yeniləyib, Avropa İttifaqı ölkələrini “Qadın, Həyat, Azadlıq” hərəkatını dəstəkləməyə çağırıblar.
Sənəddə həmçinin İran hökumətindən BMT-nin faktaraşdırıcı missiyasının və İranda insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisinin ölkəyə məhdudiyyətsiz girişinin təmin edilməsi tələb edilir.
Forum