Azərbaycan - Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salınıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-i məlumat yaıb.
Məlumatda deyilir ki, yola salınmış "Bakı-Sian" ilk ixrac blok qatarı 62 ədəd 40 futluq konteynerdən ibarətdir. Bu yük multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrut ilə Çinə göndərilməsi planlaşdırılır.
Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev deyib ki, bu hadisə Azərbaycanın tranzit ölkə statusunu gücləndirəcək, yerli və beynəlxalq istehsalçıların yeni bazarlara çıxışına şərait yaradacaq.
Xatırladaq ki, 2024-cü ilin əvvəlindən Çindən Azərbaycan istiqamətinə 280 konteyner blok qatarı yola salınıb. Bu ilin sonuna kimi Çindən müvafiq marşrut üzrə 300-dən çox konteyner blok-qatarının Azərbaycana qəbul edilməsi nəzərdə tutulub. 2025-ci il üçün blok qatar sayının 3 dəfədən çox artırılaraq 1000-ə çatdırılması planlaşdırılır.
Orta dəhliz - Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutur.
TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.
TRACECA, həmçinin maraqları bir araya gətirmək, qarşılıqlı və faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.
Forum